- 13:39
"Ulu Öndər Heydər Əliyev Azərbaycan üçün, dövlətimiz üçün, millətimiz üçün misilsiz xidmətlər göstərib. O, Azərbaycanın qüdrətli dövlətə çevrilməsinin, ölkəmizin müstəqil və suveren dövlət kimi nəinki Qafqaz regionunda, Avrasiya məkanında söz sahibinə çevrilməsinin əsaslarını qoyub".
E-huquq.az xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
"Ulu Öndər Heydər Əliyev sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin yaşadılması, Azərbaycan dilinin Konstitusiyada əks etdirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi və müstəqillik üçün zəmin yaradan əsas faktorlardan biri olub.
O, Azərbaycançılıq ideologiyasının formalaşmasında misilsiz rol oynayıb. Təbiidir ki, Azərbaycan xalqı bütün bunları nəzərə alaraq ölkəmizin ən çətin dönəmində Ulu Öndərə bir daha üz tutdu. Heydər Əliyev xalqın arzusunu, xalqın tələbini yerinə yetirərək, öz həyatını belə təhlükəyə ataraq bir daha Azərbaycan naminə bütün məsuliyyəti öz üzərinə götürdü.
O, Azərbaycanı qısa zaman müddətində separatizmdən, iqtisadi tənəzzüldən qurtararaq inkişaf yoluna çıxartdı, ordu quruculuğunu təmin etdi və böyük zəfər yolunun başlanğıcını qoydu.
Onun siyasi varisi, özü qədər inandığı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etdi, separatizmə birdəfəlik son qoydu və Azərbaycanın beynəlxalq aləmdə çox böyük faktor kimi, əhəmiyyətli məsələlərdə söz sahibi olan bir dövlət kimi bərqərar olmasını təmin etdi", - deyə T.Budaqov qeyd edib.
Şəbnəm Mehdizadə