"Əbu-Dabi görüşü sülhə doğru atılmış tarixi addımdır"


  • 11 İyul 12:52

"Dünən Əbu-Dabi şəhərində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş kifayət qədər konstruktiv, yüksək əhval-ruhiyyəli və məzmunlu şəkildə baş tutdu. Görüşün təxminən 5 saat davam etməsi artıq onu göstərir ki, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində bütün əsas məsələlər ətraflı müzakirə olunub və tərəfləri narahat edən məqamlar aydınlaşdırılıb".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat hesab edir ki, bu görüş tarixi əhəmiyyətə malikdir və sülh sazişinin imzalanması yolunda atılmış mühüm addımdır.

"Düşünürəm ki, heç bir üçüncü tərəfin vasitəçiliyi olmadan, birbaşa formatda keçirilən bu cür görüşlər əvvəllər Brüssel, Vaşinqton, Moskva və Avropanın digər şəhərlərində vasitəçilərin iştirakı ilə baş tutan görüşlərə nisbətən daha məhsuldar və faydalıdır. Təcrübə göstərir ki, üçüncü tərəfin iştirakı olmadan keçirilən birbaşa danışıqlar daha effektiv olur, qarşılıqlı etimadı gücləndirir, səmimiliyi artırır və sülh prosesini sürətləndirir. Çünki üçüncü tərəflər – istər ABŞ, istər Rusiya, istərsə də Avropa İttifaqı regionda əsasən öz geosiyasi maraqlarını güdürlər. Bu maraqlar isə çox zaman obyektiv yanaşmaya mane olur, danışıqlar prosesini uzadır və əlavə gərginliklər yaradır. Hesab edirəm ki, artıq bu format, yəni dövlət başçılarının və onların müəyyən etdiyi işçi qruplarının iştirakı ilə keçirilən görüşlər özünü doğruldur və sülhün əldə olunmasına daha ciddi töhfə verə bilər", - deyə N.Məhəməliyev bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər