Əbu-Dabi görüşü: "Birbaşa danışıqlar sülh prosesində daha effektlidir" - RƏY


  • 11 İyul 16:26

"Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi şəhərində keçirilmiş görüş çox yüksək qiymətləndirirəm. Üçüncü tərəflərin adətən öz şəxsi maraqlarını güddüyünü nəzərə alaraq, Cənab Prezidentimizin seçdiyi bu birbaşa danışıqlar formatı ən düzgün yol hesab edilir. Biz müşahidə etdik ki, Cənab Prezident görüşün təşkilatçısı, rəhbəri və ev sahibi kimi bütün diplomatik qaydalara riayət etdi, həmçinin Paşinyan və nümayəndə heyətinin üzvlərinə sülh jesti olaraq əl uzatdı. Bu, Azərbaycan tərəfindən sülhə açıq bir addımdır və Ermənistan tərəfi bunu düzgün qiymətləndirməli, bölgədə dayanıqlı sülh üçün razılığa gəlməlidir".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, vasitəçi olmadan keçirilən bu görüş daha effektivdir: "Çünki uzun illər ərzində vasitəçilərin oynadıqları şübhəli oyunların nəticəsində ciddi əziyyətlər çəkmişik. Məsələn, ATƏT-in Minsk qrupu adlanan bir avantürist qrup var idi. Onların uzun illər ərzində məsələlərin həllini gecikdirməsi, daim işğalçı Ermənistanın xeyrinə fəaliyyət göstərməsi, öz maraqları naminə məsələyə yanaşması Azərbaycana ciddi ziyan vurub. Buna görə də Cənab Prezidentimizin təşəbbüsü ilə keçirilən bu ikitərəfli görüş daha da effektlidir və yaxın gələcəkdə nəticələrini göstərəcək".

Deputat bildirib ki, Azərbaycanın əsas məqsədi hər iki dövlət arasında sülhün bərqərar olması, bütövlükdə bölgədə sülhün təmin olunması və münasibətlərə üçüncü tərəflərin müdaxiləsinin olmamasıdır: "Azərbaycan tərəfi, qalib ölkə olaraq, mövqeyini açıq şəkildə bildirib. Ermənistan tərəfinə beynəlxalq hüquqa, Azərbaycan qanunlarına və Ermənistan dövlətçiliyinə zərər vurmayan təkliflər irəli sürmüşük. Bu təkliflərin əsas mahiyyəti ondan ibarətdir ki, bölgədə dayanıqlı sülh və əmin-amanlıq, qonşu dövlətlərin əməkdaşlığı yaranması üçün Ermənistan ərazi iddialarından birdəfəlik əl çəkməli, konstitusiyalarında müvafiq dəyişikliklər etməlidir. Ermənistan tərəfi də anlayır ki, bizim tələblərimiz haqlıdır və hüquqa əsaslanır. Biz qərəzsiz mövqedəyik və daimi sülhün bərqərar olması üçün bu tələbləri irəli sürürük. Ümidvaram ki, Ermənistan da bu məsələlərdə razılığa gələcək. Zəngəzur dəhlizi və digər məsələlər bu görüş zamanı müzakirə olunub. Ermənistan tərəfi anlamalıdır ki, Zəngəzur dəhlizinin açılması və nəqliyyat kommunikasiyalarının həlli onların xeyrinədir, çünki Ermənistan hazırda anklav kimi bir kiçik dövlətdir və bu dəhliz ona dünya ilə əlaqə imkanı, iqtisadi inkişaf üçün şərait yaradacaq".

"Ermənistanın daxilində revanşist qüvvələr mövcuddur. Bunlar əsasən şimaldan idarə olunan, kilsə xadimləri, Robert Koçaryan, Serj Sarkisyan və digər şəxslərdən ibarətdir. Paşinyanın ağlı başında olarsa, bu qüvvələri Azərbaycan tərəfinə təhvil verməli və neytrallaşdırmalıdır ki, onlar sülh prosesinə mane olmasınlar. Çünki onlar cinayətkar qruplar olmaqla, üçüncü dövlətlərin idarə etdiyi casus şəbəkəsidir", - deyə E.Məmmədov əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər