- 12 İyul 18:20
İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib.
E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını ürəkdən təbrik edib. Dövlətimizin başçısı bu mühüm hadisənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə həyata keçirilən qətiyyətli siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Prezident İlham Əliyev "Terrorsuz Türkiyə" hədəfinə çatmaq yolunda atılan bu addımı regionda sülh və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi kimi dəyərləndirib və qəbul edilmiş qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən dəstəyə və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.