Hələb sakinləri Azərbaycan qazını sevinclə qarşıladılar


  • 2 Avqust 20:04

Hələb əhalisi Azərbaycan qazının Suriyada istismara verilməsini böyük coşqu ilə qarşılayıblar.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Azərbaycan qazının Türkiyə üzərindən Hələbə çatdırılması yerli əhalinin sevincinə səbəb olub.

Müharibənin vurduğu ağır yaralardan əziyyət çəkən suriyalılar üçün Azərbaycan qazı sanki məlhəm rolunu oynayır. Çünki enerji qaynaqlarının bölgəyə gəlməsi sosial-iqtisadi həyatı da dirçəldəcək.

Hələb sakinləri Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın Suriya xalqı üçün həyati əhəmiyyətini xüsusi qeyd ediblər. Bu inkişafın xüsusilə istehsala, təhsilə və gündəlik həyata müsbət təsirləri olacağına inanırlar.

Hələb sakini Məhəmməd əl-Abdullah qarşılaşdıqları çətinliklərə baxmayaraq, əməkdaşlığa və həmrəyliyə böyük əhəmiyyət verdiklərini deyib: "Bu ölkəyə yardım əlini uzadan hər kəsə təşəkkür edirik. Çünki bu ölkə tükənib. Təhsil bu ölkəni inşallah ayağa qaldıracaq".

Hələb sakini Əbdüllətif Haccu elektrik enerjisinin və təbii qazın gündəlik həyat üçün vacib olduğunu vurğulayıb: "Bizim elektrikə ehtiyacımız var, insanların buna ehtiyacı var. Qazdan elektrik enerjisi istehsal olunsa, çox gözəl olardı".

Bir müddət Türkiyədə yaşayan Mahmud Hammaş Türkiyənin verdiyi dəstəyi xatırlayaraq bildirib:

"Əvvəlcə təhlükəsizliyi təmin etdilər, indi də qaz göndərirlər. Allah min dəfə bərəkət versin. İşıqsız həyat dayanır. İnşallah, nəqliyyatın, çörəyin qiyməti də ucuzlaşacaq".

Hələbdə tekstil sektorunda çalışan Ferid Hoca təbii qazın istehsal gücünü artıracağını bildirib:

"Enerji yerli istehsalın təməlidir. Bu, qiymətlərə müsbət təsir göstərəcək. İxrac imkanlarımız artacaq. Suriya xalqı çox əziyyət çəkdi, amma onlar məhsuldar və güclü xalqdırlar. Doğru şərtlər yerinə yetirilərsə, ölkələrini yenidən quracaqlar" dedi.

Leys əl-Emin adlı Hələb sakini qazın verilməsinin insanların yükünü yüngülləşdirəcəyinə ümid edir: "Elektrik bizim ən vacib məsələmizdi. İnsanlar generatorlardan bezib. İndi elektrik enerjisi bərpa olunanda işlər yaxşılaşacaq".

Şəhər sakini Hayl Cuvayl inkişafdan məmnunluğunu ifadə edərək bildirib: "Elektrik saatları artacaq, generatordan istifadə azalacaq. Sənaye, ticarət və gündəlik həyata müsbət təsirlərini görəcəyik. Türkiyəyə, Azərbaycana və Suriya Prezidenti Əhməd Şara təşəkkür edirik".

Oxşar xəbərlər