Sülhə doğru böyük addım - 37 illik qarşıdurmaya son qoyulur


  • 13:15

Bu gün Cənubi Qafqaz üçün tarixi gündür. Vaşinqton Anlaşması ilə Azərbaycan ilə Ermənistan arasındakı 37 illik qarşıdurmaya bu gün son qoyulacağı gözlənilir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun əldə etdiyi zəfərdən sonra Cənubi Qafqazda formalaşan yeni düzən ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində anlaşmanın əldə edilməsinə imkan yaratdı. Bununla da, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində regionda yeni səhifə açılır. Qafqaz sülh və inkişaf fazasına daxil olur.

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, sülh anlaşmasının imzalanmasının starteji, siyasi və təhlükəsizlik aspektləri ilə yanaşı iqtisadi təsirləri də az deyil: "Bir müddət öncə "Moody’s" beynəlxalq reytinq agentliyinin qeyd etdiyi kimi, anlaşma regional sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişaf yönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər. Qafqazdakı sülh Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını daha da dəstəkləyə bilər. Belə ki, sülh müqaviləsinin imzalanması regionda daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacağı gözlənilir. Xarici investorlar sülhün əldə edildiyi Qafqaza sərmayə qoyluşlarında daha maraqlı olacaqlar.

Bu isə regiona daha çox sərmayənin cəlbi deməkdir. Xüsusilə nəzərə almalıyıq ki, uzun müddət regiona sərmayənin cəlb edilməsinə təsir göstərən faktorlardan biri də konfliktlər olmuşdur. Azərbaycan Prezidentinin yeni dövrünün yeni hədəflərinə uyğun olaraq qeyri neft sektoruna daha çox sərmayənin cəlb edilməsi əsas prioritetlərdən biridir. O istiqamətdə də aparıcı ölkələr ilə əməkdaşlığın gücləndirilməsi, daha çox sərmayənin cəlbi istiqamətində işlər həyata keçirilir. Gözlənilir ki, sülh müqaviləsindən sonra xüsusən inkişaf etmiş ölkələr tərəfindən regionda daha çox sərmayənin cəlbinə şərait yaradılacaq".

Deputanın sözlərinə görə, digər tərəfdən, Azərbaycan və Ermənistan arasında əlaqələrin yenidən bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üçün yeni inkişaf imkanları demək olacaq: "Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya oluna biləcək. Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün bir zəmin yaradır. O baxımdan Zəngəzur dəhlizi Azərbaycan üzərindən daha çox yüklərin daşınması və bütövlükdə, regionun iqtisadi fayda götürməsi üçün mühüm bir imkandır. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu da bütövlükdə Azərbaycanı beynəxalq yükdaşımalarda regional haba çevrəcək".

V.Bayramov sonda qeyd edib ki, bütövlükdə, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi daha stabil və inkişaf etmiş Qafqaza nail olunmasında vacib addım olacaq.

Oxşar xəbərlər