BMT-nin tərkibində fəaliyyət göstərən qurum və şəxslər Prezident İlham Əliyevə təbrik məktubları ünvanladı


  • 12 Avqust 21:47

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

E-huquq.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi adından Sizə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Birgə Bəyannamənin uğurla imzalanması münasibətilə səmimi təbriklərimi çatdırıram. Bu mühüm razılaşma Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında tarixi mərhələdir, eyni zamanda, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasını vəd edir.

Birləşmiş Millətlər Təşkilatı regionda sülhün, dialoqun və etimadın qurulmasına yönəldilmiş bütün səyləri qətiyyətlə dəstəkləyir. Biz həm Sizin, həm də Baş nazir Paşinyanın davamlı dialoqa sadiqliyinizi, eləcə də uzun müddətdir davam edən məsələlərin sülh yolu ilə həlli istiqamətində cəsarətinizi və liderliyinizi təqdir edirik.

Bu xoş fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığının xüsusilə də BMT-nin 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin həyata keçirilməsi vasitəsilə davam etdirilməsinə olan möhkəm sadiqliyini bir daha vurğulayıram. Hazırda Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq şəraitində hazırlanmaqda olan Əməkdaşlığa dair Çərçivə Sənədi milli inkişaf prioritetləri və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi ilə uyğun şəkildə davam edəcəkdir.
Bu sənəd Azərbaycanın inklüziv sosial-iqtisadi inkişafına, iqlimlə bağlı fəaliyyətinə və davamlı sülhə dəstək verən strateji əməkdaşlıq üçün platforma rolunu oynayacaqdır.

Bu tarixi nailiyyət münasibətilə Sizi bir daha təbrik edirəm. Birləşmiş Millətlər Təşkilatı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və davamlı inkişafın dəstəklənməsi, xüsusilə davam edən təşəbbüslərdə qadınların və gənclərin əsas rol oynamalarının təmin olunması istiqamətində Azərbaycana dəstəyini davam etdirməyə hazır olduğunu bildirir".

Oxşar xəbərlər