Vaşinqtonda Tarixi Zirvə: Cənubi Qafqazda yeni dövrün başlanğıcı


  • 13 Avqust 16:55

"2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda baş tutan görüşü Cənubi Qafqaz üçün mühüm tarixi hadisə kimi yadda qalacaq. Bu görüş regionda yeni bir mərhələnin başlanğıcını qoyur".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev deyib.

O bildirib ki, Vaşinqton görüşü çərçivəsində imzalanan Birgə Bəyannamə Azərbaycan və Ermənistan arasında 35 ildən artıq davam edən münaqişənin rəsmi olaraq başa çatdığını göstərir və bölgədə yeni mərhələnin başlandığını təsdiqləyir: "Birgə Bəyannamənin ilk bəndində qeyd olunur ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni üzərində tam razılığa gəlib və sənəd paraflanıb. Bu hadisə tarixi əhəmiyyət daşıyır, müharibədən sülhə keçidi hüquqi müstəviyə daşıyır. Saziş tərəflərin üzərinə mühüm siyasi məsuliyyətlər qoyur. Eyni zamanda, sənəddə sülh sazişinin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin davam etdirilməsinin vacibliyi və iki ölkə arasında sülhün möhkəmləndirilməsinə ehtiyac vurğulanır".

Ş.Mirzəyevin sözlərinə görə, bu sənəd yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə kifayətlənmir, eyni zamanda Cənubi Qafqazın geosiyasi mənzərəsində ciddi dəyişikliklərin başlandığını göstərir: "Bəyannamə Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı uğurların məntiqi davamıdır və regionun gələcək siyasi-iqtisadi quruluşunu müəyyən edən əsas sənəd kimi çıxış edir. Sənəddən aydın görünür ki, Zəngəzur dəhlizi artıq nəzəri müzakirə predmeti deyil, konkret siyasi və diplomatik reallıqdır. Kommunikasiyaların açılması ilə bağlı müddəalar, təkcə fiziki deyil, həm də siyasi və iqtisadi əlaqələrin qurulmasına yönəlib. Azərbaycanın Naxçıvanla maneəsiz birbaşa əlaqəsinin təmin edilməsi milli maraqlar baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Ermənistanın da bu prosesdən faydalanması nəzərdə tutulur ki, bu da təşəbbüsün qarşılıqlı faydaya əsaslandığını göstərir. Xüsusilə, Ermənistan ərazisindən keçəcək və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan beynəlxalq nəqliyyat layihəsi region ölkələri üçün geniş iqtisadi imkanlar açacaq".

Vəkil bildirib ki, Bəyannamədə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-ə birgə müraciət edərək Minsk Prosesi və onunla bağlı strukturların bağlanmasını tələb etməsi ayrıca vurğulanır: "Çünki Minsk Qrupu təqribən 30 il ərzində münaqişənin həllində ciddi nəticə əldə edə bilmədi. Bu strukturun bağlanması sülhün davamlılığı baxımından mühüm addımdır".

O əlavə edib ki, sənəddə sərhədlərin toxunulmazlığı, güc tətbiqinin yolverilməzliyi və qisas xarakterli hərəkətlərin rədd edilməsi prinsipləri təsdiqlənir: "Bu da gələcəkdə ərazi iddialarının hüquqi əsaslarının aradan qaldırılması və dayanıqlı sülhün təmin olunması üçün ciddi zəmin yaradır".

Ş.Mirzəyev qeyd edib ki, Bəyannamə Vaşinqton görüşünün bölgədə qarşılıqlı hörmət və sülhün inkişafı üçün möhkəm bünövrə yaradacağına olan inamı ifadə edir: "Zirvə görüşünə ev sahibliyi çərçivəsində göstərilən səmimi qonaqpərvərliyə və Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılmasına verdiyi töhfələrə görə ABŞ Prezidenti Donald Trampa dərin təşəkkür ifadə olunur. Bu, ABŞ-nin sülh prosesinə verdiyi dəstəyin və regionun sabitliyinə verdiyi önəmin göstəricisidir".

Vəkil əlavə edib ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri həm də ABŞ Prezidentinin Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə sərəncam imzalaması ilə əlamətdar olub: "907-ci düzəlişin ləğvi tarixi əhəmiyyət daşıyır. Bu addım ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsi və Azərbaycanın üzləşdiyi tarixi ədalətsizliyin aradan qaldırılması baxımından olduqca mühümdür. Eyni zamanda iki ölkə arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması da bu istiqamətdə atılan mühüm addımlardandır".

O, səfər zamanı ABŞ Prezidenti Donald Trampın Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim etməsini də Azərbaycan liderinə göstərilən yüksək diqqət kimi qiymətləndirib: "Ağ Evdə keçirilən görüş zamanı İlham Əliyev və Donald Tramp arasında səmimi dialoq diqqət çəkdi. Trampın Azərbaycan Prezidentinə Ağ Evin rəmzi açarını təqdim etməsi, ikitərəfli münasibətlərdə artan etimadın və qarşılıqlı hörmətin rəmzi ifadəsi idi. Bu jest, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə imzalanan Anlaşma Memorandumundan sonra baş verdi. Bu, təkcə diplomatik münasibətlərin rəsmi hissəsi deyil, həm də Azərbaycanın regiondakı roluna verilən yüksək dəyərin göstəricisidir. Belə bir rəmzi hədiyyə hər dövlət başçısına təqdim olunmur və bu, Prezident İlham Əliyevin şəxsi siyasi nüfuzunun və Azərbaycanın strateji əhəmiyyətinin bariz göstəricisidir".

Sonda vəkil bildirib ki, Vaşinqton görüşü Azərbaycan Prezidentinin diplomatik sahədə qazandığı növbəti mühüm uğur kimi dəyərləndirilə bilər: "Prezident İlham Əliyevin strateji baxışı, uzaqgörən siyasəti və prinsipial, balanslı mövqeyi sayəsində Azərbaycan Vətən müharibəsində tarixi ədaləti bərpa edərək ərazi bütövlüyünü təmin etdi. Vaşinqton görüşü isə həmin uğurlu siyasi kursun davamı olaraq bölgədə uzunmüddətli və davamlı sülhün təmininə yönəlmiş əhəmiyyətli diplomatik addım idi".

Humay Eminqızı

Oxşar xəbərlər