- 23 Avqust 18:04
Tərəflər iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması və ona uyğunlaşmaya nail olunması, ekoloji risklərlə mübarizə, bioloji müxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi üzrə birgə layihə və proqramların təşviqi, üç ölkənin ümumi maraqlarına cavab verən regional və beynəlxalq səviyyədə birgə təşəbbüslərin təşviqi kimi məsələlər üzrə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.
E-huquq.az xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən görüşün yekunu üzrə qəbul edilmiş birgə bəyannamədə bildirilib.
Həmçinin bəyannamədə qeyd olunub:
“Tərəflər mədəni-humanitar sahədə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib, müvafiq dövlət strukturları ilə ictimai birliklər, tədqiqat mərkəzləri, ali təhsil müəssisələri, KİV, mədəniyyət və incəsənət işçiləri arasında əməkdaşlığın vacibliyini vurğulayıblar. Tərəflər öz dövlətləri və xalqları arasında dostluğun və hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyinə qəti əminliklərini ifadə ediblər”.
Xatırladaq ki, 22 avqust 2025-ci il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Sonda üçtərəfli görüşün yekunu üzrə liderlərin 12 bənddən ibarət birgə bəyannaməsi qəbul olunub.