- 1 Sentyabr 19:38
"Prezident İlham Əliyevin Çinə səfəri qarşıdakı inkişaf perspektivləri və əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm imkanlar açır".
Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.
O bildirib ki, Azərbaycan-Çin münasibətləri dinamik şəkildə inkişaf edir, qarşılıqlı əməkdaşlıq fəlsəfəsinə əsaslanır və hər iki ölkənin maraqlarına xidmət edir: "Çin bu gün həm coğrafi mövqeyinə, həm də iqtisadi göstəricilərinə görə dünya siyasətinin mərkəzində yer alan ölkələrdəndir. O, istehsal edən, yəni mənbə ölkədir və məhsullarını istehlak bazarlarına çıxarmaq üçün Azərbaycanın yerləşdiyi coğrafiyaya ehtiyac duyur. Azərbaycan isə öz növbəsində bu fürsətləri düzgün qiymətləndirən və onların reallaşdırılması üçün qlobal əhəmiyyətli layihələr həyata keçirən ölkədir".
Deputatın sözlərinə görə, belə olan halda, təbii ki, Azərbaycan-Çin münasibətləri indiki tarixi mərhələdə daha da cazibədar görünür: "Təsadüfi deyil ki, bir müddət əvvəl Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında razılaşma əldə olunub və bu gün biz onun daha da dərinləşməsinin şahidiyik. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində dövlət və hökumət başçılarının toplantısında iştirak etmək üçün Çinə səfər edib. ŞƏT dünya əhalisinin 60 faizindən çoxunu birləşdirən və qlobal iqtisadiyyatın nəbzinin atdığı əsas mərkəzlərdən biri sayılır. Bu baxımdan, Azərbaycan Çinlə dostluq və əməkdaşlıq münasibətlərinə daim böyük önəm verir. Ölkəmiz "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək göstərməklə yaxın tərəfdaşlıq münasibətlərini nümayiş etdirir".
H.Məmmədov qeyd edib ki, Azərbaycan və Çin arasında formalaşan strateji tərəfdaşlıq qarşılıqlı maraqlara əsaslanaraq sürətlə dərinləşir və bu münasibətlər hər iki ölkənin regional və qlobal layihələrdə rolunu gücləndirir. Prezident İlham Əliyevin Çinə səfəri bu əməkdaşlığın yeni mərhələyə keçidini təmin edən önəmli addımdır.
Şəbnəm Mehdizadə