"Əgər Azərbaycan bu prosesi dəstəkləməsəydi, Pakistanın Ermənistanı tanıması mümkün olmazdı"


  • 1 Sentyabr 17:23

"Əgər Azərbaycan bu prosesi dəstəkləməsəydi, Pakistanın Ermənistanı tanıması mümkün olmazdı".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O xatırladıb ki, SSRİ-nin dağılmasından sonra Pakistan Cənubi Qafqaz ölkələri arasında yalnız Ermənistanla diplomatik münasibətlər qurmayıb: "Bunun əsas səbəbi isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı törətdiyi işğal siyasəti idi. 1990-cı illərin əvvəllərində Kəlbəcərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilərkən həmin dövrdə Pakistanın nümayəndəsi təşkilata sədrlik edirdi. Bu, təkcə siyasi təsadüf deyildi, Pakistanın Azərbaycan xalqına bəslədiyi dostluq və qardaşlıq münasibəti tarixi köklərə dayanırdı. Bu gün artıq həmin işğal faktoru ortadan qalxıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, torpaqlarını işğaldan azad edib. Bu mühüm geosiyasi reallıq fonunda, Şanxay Əməkdaşlıq Təşkilatının platformasında Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına şərait yarandı. Əgər Azərbaycan bu prosesi dəstəkləməsəydi, Pakistanın Ermənistanı tanıması mümkün olmazdı".

Deputat bildirib ki, bu hadisə Prezident İlham Əliyevin regionun sabitliyi və sülhü naminə atdığı önəmli addımlardan biridir: "Bu həm də Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı - dialoq və əməkdaşlıq mühitinin formalaşması üçün mühüm zəmin yaradır".

N.Məhəməliyev deyib ki, Pakistanın Ermənistanı tanıması, tərəflər arasında diplomatik münasibətlərin qurulması Azərbaycanın maraqlarına tamamilə uyğundur: "Əgər Prezident İlham Əliyev bu prosesə razılıq verməsəydi, bu cür münasibətlərin qurulması mümkün olmazdı. Gələcəkdə əgər Ermənistan tərəfindən Azərbaycana qarşı xoşagəlməz addımlar atılarsa, Pakistanın bu məsələdə konkret və prinsipial mövqe sərgiləyəcəyinə heç bir şübhə yoxdur".

Deputat vurğulayıb ki, Pakistan kimi böyük və nüfuzlu bir dövlətlə münasibətlərin qurulması Ermənistan üçün də əhəmiyyətlidir: "Eyni zamanda, Ermənistan tərəfi Hindistanla olan yaxın münasibətlərindən istifadə edərək, Azərbaycanın təşəbbüsünə adekvat bir siyasi jest göstərə bilər. Bu, Azərbaycan-Hindistan münasibətlərinin normallaşmasına da töhfə verə bilər".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər