“Ermənistanı yeni döyüşlərə sövq edənlər var” – Millət vəkili


  • 21 Sentyabr 2020 16:44

“Ermənistan tərəfi yeni torpaq iddiaları ilə çıxış etməklə bütün diqqəti cəbhə bölgəsinə fokuslamağa və daxildəki böhranı sakitləşdirməyə çalışır”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Ermənistan-Azərbaycan sərhəddində baş verən son erməni təxribatı ilə bağlı fikirlərini bölüşərkən deyib.

“Bildiyiniz kimi, son zamanlar Ermənistanın bir çox ölkələr tərəfindən silahlanması həyata keçirilir. Tovuz istiqamətində builki döyüşlər zamanı və bu döyüşlərdən sonra da Rusiya və Serbiya kimi ölkələrdən Ermənistana silahlar daşınıb. Eyni zamanda Ermənistan tərəfi təxribat xarakterli bəyanatlarla çıxış edir, absurd və çox gülməli şərtlər irəli sürürlər. Cəbhə bölgəsində Tovuz döyüşlərindən başlayaraq davamlı olaraq təxribatlar törətməyə çalışırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli mətbuata müsahibəsi zamanı bu məsələyə toxundu. Qeyd etdi ki, Ermənistanın hər bir addımı, xüsusən də cəbhə bölgəsindəki fəaliyyəti yaxından izlənilir”, - deyə C.Osmanov bildirib.

Deputatın fikrincə, Ermənistan tərəfini yeni döyüşlərə sövq edən qüvvələr var: “Məlumdur ki, Ermənistanda hökm sürən ictimai-siyasi vəziyyət, daxili böhran və bütün sahələrdə Azərbaycandan qat-qat zəif olması onun birbaşa müharibəyə getməsinə imkan verməz. Görünən odur ki, onları bu döyüşlərə sövq edən başqa maraqlı dairələır var. Ermənistanı həm siyasi, həm hərbi baxımdan dəstəkləyən qüvvələr onun növbəti təxribatlara əl atmasına çalışırlar. Bu gün Ermənistanın siyasi rəhbərliyi ətrafında, eləcə də bütün digər sahələrdə yaşanan böhran get-gedə dərinləşir. Buna görə Ermənistan tərəfi yeni torpaq iddiaları ilə çıxış etməklə bütün diqqəti cəbhə bölgəsinə fokuslamağa və daxildəki böhranı sakitləşdirməyə çalışır”.

C.Osmanov bildirib ki, düşmənin son təxribatları danışıqlar prosesinə ciddi zərbə vurub. O danışıqlar prosesisinin öz əhəmiyyətini itirdiyini söyləyib.

“Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın heç bir absurd şərtini qəbul edə bilmərik. Bizim yalnız bir şərtimiz var: Qısa müddət ərzində erməni hərbi hissələrinin torpaqlarımızdan çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi!

Ümumilikdə son zamanlar düşmənin təxribat xarakterli bəyanatları onu göstərir ki, Ermənistan danışıqlar prosesini çox ciddi zərbə altına qoyub və danışıqların artıq heç bir mahiyyəti artıq qalmayıb. Amma ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını alacaq. Lazım gəldikdə dədə-baba torpaqlarımızın azad olunması üçün hərb yolu da istisna edilmir”, - deyə deputat qeyd edib.

Aynur Kazımova

Oxşar xəbərlər