Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasındakı dialoq iki ölkənin xalqlarının sülh və həmrəylik şəraitində yaşaya biləcəyi yeni reallıqların yaradılmasına yönəlib.
E-huquq.az xəbər verir ki, bunu dialoqun koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan həmin ölkənin mediasına müsahibəsində bildirib.
Koçinyanın sözlərinə görə, iki ölkənin vətəndaş cəmiyyətləri arasındakı qarşılıqlı fəaliyyət danışıqlar yox, dialoq xarakteri daşıyır, buna görə də hazırkı mərhələdə konkret ölçülə bilən nəticələrdən danışmaq mümkün deyil.
“Bu dialoq vasitəsilə biz onilliklər ərzində münaqişə, düşmənçilik və nifrət nəticəsində formalaşmış reallığı aradan qaldırmaqdan daha çox, keçmişlə yanaşı yeni normalıq, yeni reallıqlar və yeni tarix yaratmağa çalışırıq. Biz gələcəyə, cəmiyyətlərimizin sülh və qarşılıqlı anlaşma şəraitində qonşu kimi yaşaya biləcəyi reallıqların yaradılmasına yönəlmiş sülh gündəliyini müzakirə edirik”, – o bildirib.
Koçinyanın sözlərinə görə, görüş iştirakçıları geniş məsələlər dairəsini, o cümlədən cari ilin aprelində baş tutmuş əvvəlki dialoqdan bəri baş verən hadisələri müzakirə ediblər.
“Həm hər iki cəmiyyətdə narahatlıq doğuran məsələlər, həm də iki ölkəmizi obyektiv olaraq sülhə, münasibətlərin normallaşmasına yaxınlaşdıran mövzular üzrə müzakirələr aparıldı”, – o qeyd edib.
Koçinyan həmçinin bildirib ki, növbəti işlər komitələr çərçivəsində həyata keçiriləcək və onların adları, eləcə də fəaliyyət istiqamətləri barədə məlumat sonrakı press-relizlərdə təqdim olunacaq.
