Məzmuna keç

Fuad Ələsgərov: “Məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir”

Məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir

"Hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir".

E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov deyib.

O qeyd edib ki, bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün yeni mexanizmlərin təsbit edilməsi, məhkəmə ekspertizasının təyin edilməsi və keçirilməsi ilə bağlı müddəaların, habelə məhkəmə qərarlarının icrası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarının layihələri daxil olacaq:

"Həmçinin məhkəmə, cinayət təqibi və məhkəmə qərarlarının icrası orqanlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron məhkəmə”, “Elektron icra” sistemlərinin tətbiqinin genişləndirilməsinə yönəlmiş qanunvericilik və praktiki tədbirlər həyata keçiriləcəkdir".