Məzmuna keç

“Mina xəritələrinin verilməsi Azərbaycanın növbəti diplomatik uğurudur”

“Ermənistanın işğal dövründə Füzuli və Zəngilanda basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri təqdim etməsi ilk növbədə insan itkisinin qarşısının alınması deməkdir".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, mina xəritələrinin Azərbaycan tərəfinə verilməsi Prezident İlham Əliyevin diplomatik məharətinin nəticəsidir: "Ölkə başçımızın qətiyyəti, prinsipiallığı, siyasi iradəsi və aparılan danışıqlar öz müsbət nəticəsini verdi. Bu, Azərbaycanın növbəti diplomatik uğuru kimi qeyd olunmalıdır. Çünki cənab Prezident Vətən müharibəsi bitəndən dərhal sonra bütün mümkün platformalarda, ikitərəfli görüşlərdə, həm beynəlxalq təşkilatlarla, həm də xarici media nümayəndələri ilə keçirilmiş mətbuat konfransında Ermənistanın mina xəritələrini Azərbaycana verməməsini qeyd edib. Bugünədək hərbçilərimiz, mina təmizləyənlərimiz, mülki şəxslər və jurnalistlər daxil olmaqla, 100-dən artıq Azərbaycan vətəndaşı minaya düşərək xəsarət alıb və onlarla insan öz həyatını itirib. Bu baxımdan mina xəritələrinin əldə edilməsi insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda minaların təmizlənməsi də uzun vaxt aparmaqla həm də böyük maliyyə xərcləri tələb edirdi ki, xəritələrin əldə edilməsi ilə bütün bunları dəf etmiş oluruq".

C.Osmanov mina xəritələrinin alınmasının işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərini sürətləndirəcəyini deyib: “Bu həmçinin 30 ildən artıq müddətdə doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın daha tez zamanda öz dədə-baba yurdlarına qayıtmasını təmin edəcək. Çünki Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzulidə həyata keçiriləcək. Bütün yol-nəqliyyat infrastrukturu məhz bu ərazidən keçir. Burada beynəlxalq hava limanının tikintisi həyata keçirilir. Bu amilləri nəzərə alaraq, minalanmış ərazilərin xəritələrinin alınmasının yenidənqurma və bərpa işlərinə böyük töhfə verəcəyini deyə bilərik".

Deputat 15 nəfər erməni əsilli şəxsin Ermənistana təhvil verilməsini humanist addım kimi qiymətləndirib: "Mina xəritələrininin müqabilində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib. Bu, Azərbaycanın humanist siyasət yürütdüyünü bir daha bütün dünyaya sübut etdi".

Sevgül Qasımzadə