Məzmuna keç

“Cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təsis etməsi hər şeydən öncə məhz suveren güc və imkanlarımızın məhsuludur”

Müharibə sonrası biz davamlı olaraq Ermənistan tərəfindən heç bir gücə və hüquqa əsaslanmayan revanş bəyanatları eşitməkdəyik. Bu müddət ərzində müxtəlif səviyyələrdə həmin zərərli fikir və aktlara lazımi formada cavab verilib, lakin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” cənab Prezidentin Fərmanı bu cavablardan ən yaxşısı, ən tutarlısı oldu.

Yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təsis edilməsi ilə biz dünyaya nümayiş etdirdik ki, heç kimin rəyindən asılı olmayaraq, bütün hallarda Azərbaycan Zəfərin nəticələrinin davamlılığı, bölgədə sülh və sabitlik mühitinin yaranaraq möhkəmlənməsi, Azərbaycanın maraq və mənafelərinə cavab verən bütün tədbirlərin görülməsi üçün zəruri addımları atır və atacaq da. Bir sözlə, Ermənistanın da onun havadarlarının da digər istənilən cəhdləri əbəsdir və kimsə Azərbaycanın iradəsi əleyhinə bölgədə mövcud reallığı dəyişə bilməz, Azərbaycan doğru bildiyini edib və bundan sonra da edəcək. Bu mənada biz “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmana yalnız iqtisadi akt yox, həm də ciddi siyasi yükə malik sənəd kimi yanaşmalıyıq. Əvvəlcə onu qeyd edək ki, belə bir siyasi aktın realizəsi üçün dövlət müstəqil siyasət kursuna, iqtisadi və hərbi suverenliyə malik olmalıdır. Bu mənada cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təsis etməsi hər şeydən öncə məhz suveren güc və imkanlarımızın məhsuludur.

Fərmanın ən mühüm siyasi-hüquqi nəticələrindən biri ondan ibarətdir ki, hüquqi aktla Azərbaycan rəsmən vahid Zəngəzur konsepsiyasını gündəmə gətirməklə həm keçmiş, həm də gələcəyə baxış faktoru ortaya qoyaraq Qərbi Zəngəzuru tədricən müzakirə predmetinə çevirəcək. Əlbəttə, bu perspektiv məsələdir, lakin, unutmayaq ki, Vətən müharibəsində zəfərimiz Azərbaycanın bu istiqamətdə bizə geniş imkanlar açıb.

İkincisi, məlumdur ki, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. İşğala yenicə son qoyulmasına, ərzilərin minalardan hələ tam təmizlənməməsinə baxmayaraq cənab prezidentin müvafiq bölgədə iki mühüm iqtisadi rayonu təsis etməsi yaxın 10 il üzrə müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin, xüsusən də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın icrası istiqamətində iradə ifadəsi hesab olunmalıdır. Xüsusən, də qayıdışa nail olmaq üçün mühüm məqsəd kimi müəyyən edilən dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya probleminin köklü həllində yeni iqtisadi rayonlaşma əhəmiyyətli rol oynayacaq. Təbii ki, son nəticədə davamlı və yüksək iqtisadi artım fonunda regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması cənab İlham Əliyevin müəyyən etdiyi hədəfə uyğun olaraq Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı