Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu və ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişiklik edib.
E-huquq.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, bir sıra şəxslərə münasibətdə müsabiqədə iştirak üçün ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək:
– İlk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
– İlk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
– Azərbaycanının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– Şəhid ailəsinin üzvləri;
– Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
– Məcburi köçkün statusu olan şəxslər;
– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
İndiyədək sözügedən şəxslər üçün müsabiqədə iştirak hüququ ödənişli idi.
