Məzmuna keç

“Dünya tarixinin ən nəhəng və ciddi maliyyə yükü tələb edən layihələrindən olan Böyük qayıdış prosesinə start vermişik”

Bu günlərdə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillərin təqdim olunmasına kifayət qədər ciddi siyasi və sosial hadisə kimi yanaşılmalıdır. Məsələnin mahiyyətini anlamaq üçün proseslərə geniş aspektdən yanaşmaq vacibdir. Hər şeydən öncə nəzərə almalıyıq ki, Azərbaycan çox bahalı müharibədən qələbə ilə çıxmış dövlətdir. Müharibədə xərclənən hərbi arsenalı yalnız öz maddi imkanlarımız hesabına formalaşdırmışdıq. Prezident İlham Əliyevin də dediyi kimi, bizə silahları heç kim hədiyyə etməmişdi. Üstəlik, hazırda, post-müharibə dövründə zəfərin nəticələrini qorumaq, mümkün təxribatların qarşısını almaq və milli maraqların keyfiyyətli müdafiə və təmin etmək üçün ordu quruculuğu və müdafiə sənayesinin müasirləşdirilməsi kimi ciddi vəsait tələb edən prosesi reallaşdırmaqdayıq. Habelə, dünya tarixinin ən nəhəng və ciddi maliyyə yükü tələb edən layihələrindən olan Böyük qayıdış prosesinə start vermişik. Belə bir situasiyada sosial sferanın dövlətin prioritetlərdən biri olaraq saxlanılması, xüsusən, şəhid ailələri, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə ciddi diqqət yönəlidlməsi sadə məsələ deyil.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Parlament üzvü bildirib: "Prezident bu məsələdə kifayət qədər qətiyyətlidir və müvafiq kateqoriyadan olan 10 minə yaxın vətəndaşın dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilməsi dövlət başçısının iradəsinin bariz ifadəsidir. Üstəlik, ötən ilə nisbətən bu il iki dəfə çox, 3 minə yaxın vətəndaşa mənzil verilməsi prosesdə dövlət həssaslığının artan səviyyəsini göstərir. Əlbəttə, bu, təhlil olunmalı məqamdır. Şəhid ailələri, müharibə əlillərinə belə həssas yanaşma dünya təcrübəsində fərqli mənzərədir və tam məsuliyyətlə demək olar ki, Azərbaycan müvafiq sosial siyasətlə özünəməxsus nümunə yaradıb. Eyni zamanda, vacib nüanslardan biri həyata keçirilən siyasətin təməlində sosial təzyiq yox dövlətin Konstitusiya ilə bəyan olunmuş ali niyyəti və dövlət başçısının şəxsi iradə və təşəbbüsü dayanır. Addımların planlı, intensivləşməkdə olan mərhələlərlə həyata keçirilməsi həmin tezisi sübut edir. Həyata keçirilən siyasət, həmçinin dövlətin vətəndaşa, xüsusən də, vətən uğrunda həyatını, sağlamlığını əsirgəməyənlərə və onların ailələrinə reallıqlar fonunda mümkün olandan daha çox qayğısı deməkdir”.