“Qarabağın dağlıq hissəsi Azərbaycanın suverən ərazisidir və ölkəmizin daxili işini heç kimlə müzakirə etmək fikrində deyilik”.
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov ötən gün Xankəndidə bir qrup erməninin keçirdiyi mitinqə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Xankədidə yaşayan ermənilərin ayağa qalxmasının səbəbi Rusiya prezidenti Vladimir Putinin "Valday" Beynəlxalq Diskusiya Klubunda Qarabağla bağlı verdiyi təxribat xarakterli açıqlamadır: ”Deyə bilərəm ki, Xankədinin mərkəzi meydanında yığılan ermənilərin çox hissəsi heç Qarabağda yaşamırlar. Onlar meydanda etiraza qoşulanların sayını çox göstərmək üçün Ermənistandan gəliblər və Qarabağ ermənilərin yanında dayanıb, çoxluq kimi görüntü yaradıblar. Rusiya da, Qərb də yaxşı bilir ki, ermənilərin məskunlaşdığı Qarabağın bir hissəsi Azərbaycanın suverən ərazisidir. Putin "Valday" klubunda Vaşinqton planında olduğu kimi `Qarabağın dağlıq hissəsi Azərbaycanın suveren ərazisi kimi tanınmasını istəyirsinizsə, seçim sizindir və biz sizin seçiminizə hər bir halda hörmətlə yanaşırıq` ifadəsini işlətməsi ermənilərdə yeni ümidlər yaradıb”.
Deputat hesab edir ki, Putinin Ermənistanı Qərbdən uzaqlaşdırmaq və orada Rusiya yönümlü rejimini möhkəmlətmək üçün belə bir açıqlama verib: "Düşünürəm ki, Putinin belə açıqlaması sülh müqaviləsinin imzalanmasını ləngidəcək. Amma hər şey bu gün Soçidə keçiriləcək üçtərəfli görüşdə məlum olacaq. Əgər Ermənistan yenidən revanşizmi ruhunu canlandırmağa cəhd edərsə, bu onlar üçün böyük faciə ilə nəticələnəcək. Sülh müqaviləsinin imzalanmasına Qarabağla bağlı məsələ mane olmamalıdır. Əgər ermənilərin təxribatçı əməllərinin davamı müşahidə edilərsə, Ermənistanın Qarabağa yolunu bağlaya və gediş-gəlişin qarşısını ala bilərik. Hesab edirəm ki, belə bir addım atmağımıza ehtiyac yaranmayacaq və bütün məsələlər masa arxasında öz həllini tapacaq”.
Rəşid Qarayev
