“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Soçidə keçirilmiş görüşdə cənab Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını qətiyyətlə qorudu”.
Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloq bildirib ki, Rusiya və Ermənistan görüşdən istədikləri nəticəni ala bilməyib, görüş Azərbaycanın diplomotik qələbəsi ilə nəticələnib.
“Ölkə Prezidenti İlham Əliyevin Soçi şəhərinə işgüzar səfəri, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dövlət başçısı İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşləri bir çox məqamlara aydınlıq gətirdi. Əvvəla onu deyim ki, üçtərəfli Soçi görüçünün təşkili Kremlin Cənubi Qafqazdakı maraqlarını xilas etmək baxımından, növbəti siyasi-diplomatik cəhdi də hesab oluna bilər. Kreml Rusiya mətbuatında Azərbaycan əleyhinə propoqandanı gücləndirməklə, rəsmi Bakıya qarşı təzyiq kampaniyasına start vermişdi. Onlar düşünürrdülər ki, bu təzyiq kampaniyası sayəsində rəsmi Bakını Rusiyanın maraqlarına uyğun mövqe tutmağa məcbur etmək mümkün olacaq. “Valday” disskusiya klubunda Putinin çıxışı və həmin çıxışda Rusiyanın ABŞ və Qərbə yaxınlaşma xətti yürüdən Ermənistanı dəstəklədiyi barədə təsəvvürlərin yaradılmasına çalışması isə Ermənistana “biz səninləyik” mesajı verməyə və bununla da Paşinyanı Qərbin dəstəyi ilə aparılan danışıqlarda əldə edilmiş razılaşmalardan uzaqlaşdırmağa hesablanmışdı. Çünki Rusiya tədricən də olsa, Qərb siyasi dairələrinin Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi ilə bağlı danışıqlar prosesini Kremlin nəzarətindən çıxartmaq üzrə olduğunu və bunun nəticə etibarilə Rusiyanı rergiondan sıxışdırmağa hesablandığını görürdü. Təbii ki, Kreml də hər ötən gün daha da güclənən bu təhlükəni tamamilə ciddiyə almağa başladı və nəticədə Soçi görüşünün keçirilməsinə qərar verdi. Putin Azərbaycan və Ermənistan liderləri ilə görüşdə hər nə qədər də bu görüşün təşəbbüsünün cənab İlham Əliyev və Paşinyandan gəldiyini desə də, bunun belə olmadığı hər kəsə gün kimi aydındır.
Rusiyanın Qərbin dəstəyi ilə əldə edilən anlaşmalarını pozmaq üçün ortaya atdığı yeni sənədin 15 bənddən ibarət olduğu bildirilir. İddialara görə, məhz 15-ci bənddə “Dağlıq Qarabağ məsələsi”nin və “status” mövzusunun həlli daha irəli dövrlərə buraxılması nəzərdə tutulur. Putin və Paşinyan arasında keçirilən görüşdə erməni baş nazirinin “biz Rusiyanın təklif etdiyi sülh sazişini dəstəkləyirik” deməsi də Ermənistanın bundan əvvəl əldə edilmiş razılşamalardan qaçmağa cəhd etdiyini açıq şəkildə ortaya qoyur. Buraya Paşinyan tərəfindən səsləndirilən digər tələbləri, yəni Azərbaycan Silahlı Qüvvələrinin 2021-ci il mövqelərinə çəkilməsi, Rusiya sülhməramlılarının nəzarət zonasında olan Azərbaycan hərbi birləşmələrinin oradan çıxarılması, sülhməramlılarının mandatının 20 illiyinə uzadılması və s. bu kimi sərsəm fikirləri də əlavə etsək o zaman Soçi görüşünün nə qədər gərgin keçdiyi haqqında müəyyən təsəvvürə gələ bilərik. Amma bütün bunlara baxmayaraq, nəticə etibarilə Rusiya və Ermənistan görüşdən istədiklərini ala bilmədilər. Yekunda razılaşdırılmış bəyanat onu göstərdi ki, cənab Prezident tərəfindən ölkəmizin milli maraqları qətiyyətlə qorunub. Rəsmi Bakı növbəti dəfə “Dağlıq Qarabağ” ifadəsi olan hər hansı qeydin olduğu heç bir sənədi qəbul etmədiyi konkret olaraq ortaya qoydu. Prezident bu mövqeni elə Putinlə ikitərəfli görüşdəki ilk dəqiqədən bəyan etdi və Putinin diqqətinə çatdırdı ki, “Qarabağ münaqişəsi” artıq tarixə çevrilib və bu konteksdə müzakirə edilə biləcək heç bir mövzu yoxdur", – deyə Y.Bağırzadə qeyd edib.
Politoloq deyib ki, Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyi Kremlin və İrəvanın planlarının baş tutma ehtimallarının olmadığını növbəti dəfə nümayiş etdirmiş oldu: "Prezidentin qətiyyətli mövqeyi artıq Ermənistan rəsmiləri tərəfindən də etiraf olunur. Belə ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan dünən verdiyi açıqlamada bildirib ki, Nikol Paşinyan Soçi Bəyanatının mətninə “Dağlıq Qarabağ” ifadəsinin salınması üçün sona qədər təkid edib. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev buna imkan verməyib. Beləliklə nəticədə Ermənistan cəmiyyətində Rusiya vasitəsilə danışıqlarda yeni situasiyanın yaradıla biləcəyi ilə bağlı olan bütün ümidlər boşa çıxdı. Brüssel prosesi və Praqa bəyannamsinin ardından Rusiyanın vasitəçiliyi də Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təsdiqi ilə yekunlaşdı, Qarabağ mövzusu gündəmdən çıxarıldı”.
