Məzmuna keç

Deputat: “Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələri durmadan inkişaf etdirir”

“Prezident İlham Əliyev ortaq dilə, mədəniyyətə, tarixə malik türkdilli dövlətlərlə sıx siyası, iqtisadi əməkdaşlığa böyük üstünlük verir. Ölkə başçımızın Türk Dövlətləri Təşkilatının yaradılmasında da böyük əməyi olub. Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələri durmadan inkişaf etdirir. Türkdilli dövlətlər də Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin qurulmasına böyük maraq göstərir. Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki dövlət arasında dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının nümunəsidir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

O bildirib ki, Azərbaycanla Özbəkistan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir birinə siyasi dəstək nümayiş etdirir:

“İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Azərbaycanla Özbəkistan arasında mövcud əlaqələr və yaxın gələcəkdə əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək işlər barədə mətbuata bəyanatla çıxış etdi. İki ölkə arasında nəqliyyat, energetika, qarşılıqlı iqtisadi əlaqələr, eləcə də humanitar sahədə birgə əməkdaşlığın gələcək inkişaf yolları da müzakirə olundu. Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilənin imzalanması ölkələrimiz arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının, eləcə də gündəliyin kifayət qədər geniş olması əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Enerji sahəsində iki ölkənin şirkətləri qarşılıqlı fəaliyyət göstərir, eləcə də iki ölkə arasında nəqliyyat-loqistika sahəsində yükdaşımaların artırılmasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. Mədəniyyət sahəsində də əməkdaşlıq çərçivəsində Azərbaycanda Özbək Mədəniyyət Günlərinin keçirilməsi insanlarımızda böyük marağa səbəb olub”.

Deputat qeyd edib ki, Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində məktəb binasının tikilməsi və özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıması dövlətlərimizin və xalqlarımızın bir birinə sıx tellərlə bağlılığının sübutudur:

“Görüş zamanı iki dövlət arasında iqtisadi, siyasi, mədəniyyət, humanitar sahələri əhatə edən çox sayda sənəd imzalanıb. Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulmasına baxmayaraq Azərbaycan və Özbək xalqlarının qardaşlıq əlaqələri tarixi köklərə söykənir. Bakıda İçərişəhərdə XV-ci əsrə aid Buxara karvansarayı Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən tikilib. XVI-XVII əsrlərdə yaşamış Qarabağdan olan dahi azərbaycanlı filosof, şair, din xadimi Yusif ibn Məhəmmədcan Qarabağlının qəbri Səmərqənd şəhərində yerləşir. Bu gün Özbəkistanda yaşayan azərbaycanlılar bu ölkənin ictimai – siyasi həyatında mühüm rol oynayır”.

K.Əliyeva bildirib ki, Şavkat Mirziyoyevin İlham Əliyevlə işğaldan azad olunmuş ərazilərə səfər etməsi ölkələrimiz və xalqlarımız arasında qardaşlıq əlaqələrinin daimi və əbədi olacağına xidmət edir:

“Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq Özbəkistanda Ermənistan, Ermənistanda Özbəkistan səfirliyinin açılmaması Azərbaycanla Özbəkistan arasında dostluğa, qardaşlığa sadiqliyin nümunəsidir. İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. İslam Kərimovun 1996-cı ildə Azərbaycana ilk rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb”.

Şəbnəm Mehdizadə