“Biz həmin dövlətlərdən Azərbaycan səfirliyinə qarşı atılan bu addımların qarşısının alınmasını tələb etməliyik".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanın Livandakı səfirliyinə hücumla bağlı danışarkən deyib.
O bildirib ki, ermənilər bu kimi təxribatlarla əslində özlərini ifşa edirlər.
"Bu xalq terror ənənələrini davam etdirmək istəyir və beynəxalq hüququn prinsiplərinə uyğun olmayan davranışlar sərgiləyirsə, bunun bədəlini Azərbaycan ödəməli deyil. Dövlətlər təhlükəsizliklə bağlı təminat verməlidir. Terrorçu zehniyyətlə səfirliyimizə qarşı edilən hücumların cavabı mütləq verilməlidir. Belə hücumlar əslində ermənilərin özünü ifşa etmə kampaniyasıdır və bu, onların məğlubiyyəti olacaq. Biz isə bütün hallarda öz mübarizəmizi davam etdirməli və heç bir halda geri çəkilməməliyik”.
Qeyd edək ki, Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.
Şəbnəm Mehdizadə
