- 08:03
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi artan qəzaların qarşısının alınması məqsədi ilə avtomobil sürücülərinə müraciət edib.
E-huquq.az xəbər verir ki, müraciətdə deyilir:
"Nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu qəza növünün əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsi olduğunu göstərir. Belə hallarda sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Xüsusilə, son zamanlar kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə lazımi nəzarətin olunmaması qəzalara səbəb olur. Səhər erkən saatlarda yuxusuz halda yola çıxmaq, uzun məsafələri fasilə vermədən davam etdirmək sürücünün yuxulama və diqqət yayınması riskini artıraraq ağır nəticəli hadisələrlə nəticələnir. Bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə bir daha bildiririk ki, işçilərin daşınması zamanı yalnız saz vəziyyətdə olan və təhlükəsizlik tələblərinə cavab verən nəqliyyat vasitələrindən istifadə olunmalı, sürücülərin iş və istirahət rejiminə ciddi nəzarət edilməlidir".