Məzmuna keç

“Qızımın təhsil almaq hüququ pozulur” –

"Avqust ayının 10-da şagirdlərin elektron yerdəyişməsi prosesi vasitəsilə qızımın sənədlərini təqdim etmişəm. Sabah artıq yeni tədris ili başlayır, lakin övladımın yerdəyişmə prosesi hələ də gerçəkləşdirilməyib".

Bunu e-huquq.az-a müraciətində Ramin Abıyev deyib.

O bildirib ki, yerdəyişmə prosesinin baş tutmamasına səbəb kimi övladını qeydiyyatdan keçirdiyi məktəbdə yer olmaması göstərilir.

"Bu il oğlum Abıyev Nicat Xətai rayon 64 saylı məktəbin məktəbə hazırlıq kursunu, qızım Abıyeva Nilay isə həmin məktəbin 3cü sinifini bitirib. Lakin biz artıq daimi yaşayış yeri kimi yeni ünvana, Binəqədi rayon Sulutəpə qəsəbəsinə köçdüyümüzə görə uşaqların da məktəblərini dəyişmək zərurəti yarandı. Qeyd edim ki, onların hər ikisi Binəqədi rayon qeydiyyatındadır. Ona görə də övladlarımı yerdəyişmə portalı vasitəsi ilə qeydiyyatdan keçirdim. Oğlum Binəqədi rayon 313 saylı məktəbin 1ci sinifinə qəbul edildi. Qızımı isə avqustun 10-da portalda qeydiyyatdan keçirməyimə baxmayaraq, hələ də yerdəyişmə olmayıb. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə həm yazılı, həm də şifahi müraciət etdim. Bildirdilər ki, məktəbdə yer olmadığı üçün yerdəyişmə prosesi baş tutmayıb", – deyə valideyn qeyd edib.

R.Abıyev məktəbdə yer olmaması barədə onlara vaxtında məlumat verilməməsindən narazılıq edib: "Əgər məktəbdə yer yoxdursa, niyə bu bir ay ərzində Təhsil İdarəsi valideynə məlumat verməyib? Axı biz uşaqları qeydiyyatdan keçirdikdə portalda əlaqə vasitələrimizi qeyd edirik. Niyə e-mail və ya mobil nömrə vasitəsilə bizə bu barədə xəbərdarlıq edilməyib? Yeni dərs ilinin başlamasına 3 gün qalmış bu məlumatı vermək nə dərəcədə doğrudur? Nazirlik, Təhsil İdarəsi yarana biləcək problemlərlə bağlı vaxtında tədbir görmür. Məktəblərdə yer olub-olmaması, siniflərdə şagird tutumu və digər bu kimi məsələlərə ciddi nəzarət olunmur. Vaxtında lazımı təkliflər verə bilmirlər. Nəticədə bunun əziyyətini də biz valideynlər çəkirik. Biz indi uşağı necə Binəqədidən Xətaiyə məktəbə yola salaq? Bu, kifayət qədər böyük məsafədir. Mən tələb edirəm ki, şikayətim ciddi şəkildə araşdırılsın və qarşılaşdığımız problemlə bağlı lazımi tədbir görülsün".

Valideyn bildirib ki, artıq məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edib.