"Üç il ərzində Azərbaycanda üç böyük sosial islahat paketi həyata keçirilib".
E-huquq.az xəbər verir ki, bunu "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, dövlətimizin başçısının təşəbbüsü ilə son 3 il ərzində Azərbaycanda üç böyük sosial islahat paketi həyata keçirilib. Sosial paket çərçivəsində vətəndaşlarımızın sosial hüquqları ciddi şəkildə genişləndirilib və 4 milyona yaxın insanı əhatə edib.
"Bu gün Azərbaycanda həm sosial, həm də məşğulluq göstəriciləri dinamik şəkildə artırır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, regionun iqtisadiyyatına inteqrasiyası qarşıda duran əsas vəzifələrdəndir.
Məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışı, orada canlanmanın başlanması əsas hədəflərdəndir. Azərbaycan bu işləri uğurla həyata keçirir. Vətəndaşlarımız artıq Ağalı kəndində məskunlaşıblar. Burada "Smart DOST", “ASAN xidmət” mərkəzləri vasitəsilə onlara dövlət xidmətləri göstərilir. Şuşaya köçəcək insanlar üçün də bu işlər görülür. Bu xidmətlər regional mərkəzlər vasitəsilə Ağdam, Tərtər və digər ərazilərdə də göstəriləcək”, – deyə nazir vurğulayıb.
