- 5 May 13:13
Son zamanlarda ən çox verilən suallardan biri də "JEK"lərə ödəniş edilib edilməməsi ilə bağlıdır.
Əvvəllər jeklərə ödəniş edilirdi. Lakin Nazirlər Kabineti Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında qərarında dəyişiklik etdi yeni 3 a bəndi ləğv edildi. (Ləğv edilən bənd 3. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq: a) qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmət (evin bütün mənzillərinin özəlləşdirilməsinə qədər) evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilir). Nəzərinizə çatdırım ki, mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Zibil pulu ilə bağlı Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarına əsasən bərk məişət tullantılarının yığılması və daşınması əhali qrupunda 1 nəfər üçün aylıq 30 qəpik müəyyən olunub.
Vergi Məcəlləsinə əsasən, bələdiyyələrə ildə bir dəfə əmlak vergisi ödənilir.
Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanun.
-Maddə 14. Dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərinin şirkətləri, digər birlikləri) ilə ancaq müqavilə əsasında bu mənzillərə ( evlərə) xidmət göstərə bilərlər.
-Maddə 13. Çoxmənzilli binanın idarə edilməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Mənzil sahəsinin və kommunal xidmətlərin haqqının ödənilməsində imtiyazları olan vətəndaşlar kommunal xidmətlərin dəyərinin müəyyən edilməsində, habelə özəlləşdirilmiş mənzillərə (evlərə) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları tərəfindən xidmət göstərilməsində və onların təmirində də imtiyazlarını saxlayırlar.
-Mənzil Məcəlləsi. Maddə 141-1. Çoxmənzilli binanın idarə edilməsi qaydası. 141-1.1. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. 141-1.2. Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. 141-1.3. Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
-Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 10 mart 2000-ci il, № 40.
-Tarif (qiymət) şurasının Qərarı 24 noyabr 2011-ci il, №05 Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə.
Müəllif: Rahim Abıyev, hüquqşünas