Məzmuna keç

İsmayıllı-Lahıc yolunda hərəkət qismən bərpa olundu

Bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub.

Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.