Məzmuna keç

İsveçrədə alabayquşların rəngi dəyişir

İsveçrədə son 30 ildə alabayquşların lələk örtüyündə nəzərəçarpan dəyişikliklər baş verib.

E-huquq.az xarci KİV-ə istinadən xəbər verir ki, 3000-dən çox bayquşun DNT-sinin təhlili quşların getdikcə daha qırmızımtıl-qəhvəyi rəng aldığını və lələklərindəki ləkələrin artdığını üzə çıxarıb.

“Nature Communications” jurnalında dərc olunan araşdırmaya görə, bu dəyişikliklər təbii seçmə ilə əlaqəlidir. Alimlər müəyyən ediblər ki, lələk rəngi və ləkələnmə ilə əlaqəli genetik variantlar təxminən on nəsil ərzində yayılıb.

Tədqiqatçılar rənglənmədə rol oynayan MC1R genini və digər genetik bölgələri müəyyən etsələr də, təbii seçmənin məhz lələk rənginə üstünlük verdiyini dəqiq söyləməyin mümkün olmadığını vurğulayırlar. Dəyişikliklər quşların stressə reaksiyası və aqressiyası kimi xüsusiyyətlərlə də bağlı ola bilər.

Alimlərin fikrincə, qida ehtiyatlarının dəyişməsi və ətraf mühitdə stress amillərinin artması bu prosesə təsir göstərə bilər. Lakin bayquşların rəng və ləkə naxışlarındakı dəyişikliklərin konkret səbəbləri hələ tam müəyyən edilməyib.

Tədqiqat vəhşi heyvan populyasiyalarında təbii seçmənin uzun müddət ərzində necə baş verdiyini genetik səviyyədə izləmək baxımından mühüm əhəmiyyət daşıyır.

Şəbnəm Mehdizadə