İngiltərədə 25 il əvvəl gil karxanasında tapılan dinozavr qalıqlarının tamamilə yeni cins və növə aid olduğu müəyyənləşib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Paludohadros proudlovii adlandırılan ot yeyən dinozavr təxminən 125 milyon il əvvəl yaşayıb.
Alimlərin hesablamalarına görə, dörd ayaq üzərində hərəkət edən dinozavrın uzunluğu təxminən 5 metr, çəkisi isə 1,5–2 ton olub. Sümüklərinin inkişaf səviyyəsi onun gənc fərd olduğunu göstərir. Tam böyüdükdə isə daha böyük ölçülərə çata biləcəyi ehtimal edilir.
Tədqiqatçılar bildirirlər ki, Paludohadros Erkən Təbaşir dövründə iri yırtıcı dinozavr Baryonyx walkeri ilə eyni ərazidə yaşayıb. Baryonyx əsasən balıqla qidalansa da, onun qalıqları arasında başqa dinozavra aid izlərin aşkarlanması bu yırtıcının digər heyvanları da ovlamış ola biləcəyini göstərir.
Qalıqlar ilk dəfə 2001-ci ildə İngiltərənin Surrey qraflığındakı Ewhurst gil karxanasında aşkar edilib və sonradan London Təbiət Tarixi Muzeyinə təhvil verilib. Sonrakı araşdırmalar nəticəsində muzeydə saxlanılan, hətta 1950-ci illərdə toplanmış bəzi nümunələrin də bu yeni dinozavr cinsinə aid olduğu üzə çıxıb.
Tədqiqatçılar hesab edirlər ki, muzey kolleksiyalarının yenidən araşdırılması əvvəllər elmə məlum olmayan başqa dinozavrların da müəyyənləşdirilməsinə imkan yarada bilər.
Dinozavrın növ adı (proudlovii) karxanada işləyən və qalıqlara böyük maraq göstərən Uill Praudlavın xatirəsinə verilib. Beləliklə, elmi kəşf həm də onun adının gələcək nəsillər tərəfindən xatırlanmasına imkan yaradıb.
Şəbnəm Mehdizadə
