Məzmuna keç

Bakının ətrafındakı magistral yollarda hərəkət məhdudlaşdırılacaq

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hərəkət təmir aparılan hissələr üzrə qismən məhdudlaşdırılacaq.

Bundan başqa Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil 10-30 kilometrlik hissəsində, hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

“Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, – deyə qurum bəyan edib.