- 16:28
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən vəkillərin fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən çoxsaylı və mühüm dəyişikliklərin təsdiqlənməsi ölkəmizdə hüquq sisteminin inkişafına, vəkilliyin institusional gücləndirilməsinə verilən xüsusi diqqətin bariz göstəricisidir”.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
“Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın bütün vəkil korpusu adından dövlət başçısına dərin minnətdarlığımızı bildiririk. Qəbul olunan dəyişikliklər vəkillərin peşə fəaliyyətinin daha səmərəli təşkilinə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, həmçinin vəkilliyin cəmiyyətdə nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Prezident cənab İlham Əliyevin vəkilliyə göstərdiyi ardıcıl diqqət və qayğı, eləcə də hüquq-mühafizə sisteminin humanist və modern prinsiplər əsasında inkişafına yönəlmiş siyasi iradəsi bizim üçün həm böyük stimul, həm də mühüm məsuliyyət mənbəyidir. Göstərilən dəstək, eyni zamanda, ölkə rəhbərliyinin Azərbaycan vəkilliyinə olan yüksək etimadının və bu sahənin ictimai əhəmiyyətinə verilən dəyərin aydın göstəricisidir.
Azərbaycan vəkilləri bundan sonra da peşə borcuna sadiq qalaraq qanunun aliliyinin təmin olunması və insan hüquq və azadlıqlarının müdafiəsi naminə fəaliyyətlərini daha böyük səylə davam etdirəcəklər”, - sədr qeyd edib.
Anar Bağırovun sözlərinə görə, qanunvericilik islahatlarının mühüm istiqamətlərindən biri kimi, dövlət başçısının imzaladığı Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, Cəzaların İcrası Məcəlləsinə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklər xüsusi əhəmiyyət kəsb edir:
“Belə ki,
* Mülki prosesdə işdə iştirak edən şəxs olduqda — kassasiya instansiyasında özünü müstəqil təmsil etmək,
* Cinayət prosesində isə Cinayət-Prosessual Məcəlləsinin
• 92.3.6-ci,
• 92.3.7-ci,
• 92.3.9 – 92.3.11-ci maddələrində nəzərdə tutulan hallarda
şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin təmin edilməsindən imtina etmək və özünü təmsil etmək hüququ tanınır.
Başqa yeniliklərdən biri isə qanunverici səviyyəsində vəkillik fəaliyyətinin müstəqil hüquq fəaliyyət kimi tanınmasıdır. Eyni zamanda, vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları dəqiqləşdirilmiş, Vəkillər Kollegiyasının strukturuna dəyişiklik edilərək İntizam Komissiyası və İxtisas Komissiyası həmin orqanların dairəsinə əlavə edilmişdir. Bu komissiyaların hüquq və vəzifələri də qanunla müəyyən edilir. Bununla yanaşı, Vəkillər Kollegiyasının regional qurumlar, hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis edə bilməsi hüquqi əsas kimi təsbit olunmuşdur.
Digər mühüm yeniliklərdən biri vəkilliyə qəbul ola biləcək şəxslərə dair tələblərin dəqiqləşdirilməsi və müəyyən kateqoriyalar üçün fərqli prosedurların tətbiqidir. Belə ki, vəkilliyə qəbul üzrə şərtlərdən biri olan hüquq sahəsində iş stajının 3 ildən 1 ilə endirilmişdir.
Eləcə də, dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış şəxsin yenidən vəkil kimi fəaliyyətə qayıtmasının hüquqi mexanizmi müəyyən edilmişdir. Bu yeniliklərin məntiqi davamı kimi Vəkillərin İxtisas Komissiyasının tərkibində Vəkillər Kollegiyası üzvlərinin sayının artırılması da(5-dən, 7-ə) digər mütərəqqi dəyişikliklərdəndir.
Əhəmiyyətli dəyişikliklərdən biri də Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) və Rəyasət Heyətinin səlahiyyətlərinin dəqiqləşdirilməsidir. Növbəti əsas dəyişikliklərdən biri də iki dəfədən artıq Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilmək məhdudiyyətinin aradan qaldırılmasıdır. Bununla yanaşı, vəkillər barəsində tətbiq edilə biləcək intizam tənbehləri dəqiqləşdirilmiş, vəkilin fəaliyyətinə yalnız Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilməsi qaydası təkmilləşdirilmişdir. Həmin qərardan və tətbiq olunan intizam tənbehlərindən məhkəməyə şikayət vermək hüququ da qanunla təmin olunmuşdur.
Dəyişikliklərə eyni zamanda vəkil orderi, vəkil sorğusu, vəkilin xidməti vəsiqəsi kimi anlayışlara leqal anlayışların verilməsi də daxildir. Həmçinin vəkil sorğusunun cavablandırılma müddəti də artıq qanunvericilikdə öz əksini tapmışdır.
Bu dəyişikliklər vəkilliyin hüquqi bazasını gücləndirməklə yanaşı, ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə, hüquqi xidmətlərin əlçatanlığının artırılmasına və peşəkar vəkilliyin inkişafına mühüm töhfə verəcəkdir.
Azərbaycan vəkilləri hər zaman olduğu kimi bundan sonra da dövlətə, cəmiyyətə və vətəndaşa xidmət missiyasını yüksək məsuliyyət hissi ilə yerinə yetirəcəklər.”