Məzmuna keç

Brüsseldə təxminən 3400 nəfərə sığınacaq verilməyib

Belçikanın paytaxtı Brüsseldə evsizlərə yardım edən “Samusocial” təşkilatı son iki ayda müraciət edən 3396 nəfəri sığınacaqla təmin edə bilməyib.

E-huquq.az Belçika mətbuatına istinadən xəbər verir ki, 1 sentyabr – 31 oktyabr tarixlərində təşkilata 3778 nəfər müraciət edib. Onlardan yalnız 382-nə yer verilib. Sığınacaq ala bilməyənlər ümumi müraciətlərin təxminən 90 faizini təşkil edir. Onların arasında ailələr də var.

Ötən ilin eyni dövrü ilə müqayisədə sığınacaq istəyənlərin sayı 61 faiz, yerləşdirilə bilməyənlərin sayı isə 62 faiz artıb. Ailələr üçün ayrılan yerlərin sayı rekord həddə (577 yer) çatdırılsa da, bu, tələbatı ödəməyib. Bundan əlavə, sığınacaq müraciətlərinə baxılma müddəti 18 aydan 3 ilə qədər uzadılıb.

Təşkilatın rəsmisi Tibo Dütoa bildirib ki, mərkəzlər tam doludur. Onun sözlərinə görə, hətta rəsmi yaşama icazəsi olan aztəminatlı ailələr belə Brüsseldə kirayə ev tapa bilmir.

Sığınacaq rəhbəri Cimmi Vandael isə yer çatışmazlığı ucbatından bəzən iki ailəni bir otaqda yerləşdirdiklərini deyib. O, daha ağır vəziyyətdə olanlara yer açmaq üçün bəzi ailələri yenidən küçəyə göndərməyə məcbur qaldıqlarını da etiraf edib.

Mütəxəssislər hesab edir ki, Avropada miqrasiya qaydalarının sərtləşdirilməsi Belçikadakı mənzil böhranını daha da dərinləşdirib.

Şəbnəm Mehdizadə