- 21 Noyabr 17:22
Noyabrın 21-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.
E-huquq.az xəbər verir ki, kollegiyanın inzibati binasında baş tutan qəbulda Bakı şəhərindən və respublikanın müxtəlif bölgələrindən gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlər diqqətlə araşdırılıb və hər bir müraciət ayrıca qeydə alınıb.
Qəbul zamanı vətəndaşların üzləşdiyi hüquqi problemlərin həlli yolları ətraflı müzakirə edilib, onlara izahlar, praktiki tövsiyələr və hüquqi məsləhətlər verilib. Eyni zamanda bir sıra məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək, aidiyyəti üzrə zəruri tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, VK-da vətəndaş məmnunluğunun artırılması, onların hüquqlarının müdafiəsi və keyfiyyətli hüquqi yardımın əlçatanlığının təmin edilməsi istiqamətində ardıcıl addımlar atılır. Kollegiya sədri Anar Bağırovun vətəndaş qəbulları mütəmadi xarakter daşıyır və bu proses vətəndaşların müraciətlərinə operativ və şəffaf yanaşmanın təmin olunmasına xidmət edir.
Sədrin qəbulunda iştirak etmək istəyən vətəndaşlar VK Aparatına müraciət edə bilərlər.