- 14:18
2025-ci il noyabrın 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara vəkil vəsiqələri təqdim edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Bundan əlavə, iclasda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ aktlara edilmiş son dəyişikliklər müzakirə olunub. Bu dəyişikliklərin vəkillik institutunun fəaliyyətinə gətirdiyi yeniliklər diqqətə çatdırılıb. Həmçinin Rəyasət Heyəti Vəkillərin İxtisas Komissiyasına vəkil üzvlərin təyin edilməsi məsələsinə baxıb. Müzakirələrdən sonra Kollegiya üzvləri - Akif Əlizadənin və Gülnar Qurbanovanın Komissiyaya vəkil üzvləri qismində təyin olunması barədə qərar qəbul edilib.
Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.
Bundan başqa, bir neçə vəkilin vəkil kabineti yaratmaq barədə müraciətləri də müsbət qiymətləndirilib və qanunamüvafiq olaraq təsdiqlənib.
Həmçinin iclasda VK üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili Kənan İsmayılovun “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025-ci il üçün “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Cinayət prosessual hüquqda müdafiə aktı – tərəflərin hüquq bərabərliyinin və çəkişmənin təmin edilməsinin vacib elementi kimi” adlı elmi məqaləsi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı məqalənin elmi-praktik əhəmiyyəti, müdafiə institunun inkişafı baxımından verdiyi töhfələr yüksək qiymətləndirilib, bir sıra təkliflər səsləndirilib. Rəyasət Heyəti məqalə üzrə müzakirələrin gələcəkdə də davam etdirilməsini məqsədəuyğun hesab edib.
İclasın davamında intizam xarakterli məsələlər də müzakirə olunub. Yol verdiyi ciddi intizam pozuntusu ilə bağlı aparılan araşdırmanın nəticələri nəzərə alınaraq, bir vəkilin fəaliyyətinə xitam verilməsi və onun Kollegiya üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.