- 11:43
"Son illər ərzində Vəkillər Kollegiyasına qəbul mütəmadi olaraq həyata keçirilir və ölkədə vəkillik peşəsinə böyük maraq var. Müqayisələr göstərir ki, hüquqşünasların ən çox maraq göstərdiyi sahə vəkillikdir. Digər peşələrə nisbətən, vəkillik üçün müraciət edən namizədlərin sayı daha çoxdur".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
O qeyd edib ki, bu gün yazılı imtahanda 423 nəfər namizəd iştirak edir: "Hazırda ölkədə vəkillərin sayı hələ də azdır. Avropa ölkələri ilə müqayisədə, Azərbaycanda adambaşına düşən vəkil sayı aşağıdır. Məsələn, Gürcüstan və Türkiyə kimi ölkələrlə müqayisədə, Azərbaycanda 100 min nəfərə düşən vəkil sayı azdır".
Vəkillər Kollegiyasının sədri vurğulayıb ki, əsas məqsəd bu disbalansı aradan qaldırmaqdır: "Hazırda ölkədə təxminən 2800 vəkil fəaliyyət göstərir. İl sonuna qədər isə növbəti vəkillər qəbul ediləcək və vəkillərin sayı 2800 nəfəri ötəcək. Gələn ilin birinci yarısında isə bu rəqəmin 3000-i keçəcəyi gözlənilir".
"Hər il təxminən 350 namizəd vəkilliyə qəbul olunur. Ancaq qəbul prosesi mürəkkəb və çox mərhələli bir prosedurdur. Bu proses həm yazılı imtahanı, həm də şifahi müsahibəni və Ədliyyə Akademiyası ilə birgə təşkil olunan təlimləri əhatə edir. Nəticədə, imtahanlarda iştirak edən bütün namizədlər vəkil olmur. Bu il isə 800-dən çox namizəd vəkilliyə qəbul imtahanlarına qatılıb ki, bu da kifayət qədər yüksək bir rəqəmdir", - deyə A.Bağırov əlavə edib.
Humay Eminqızı