- 11:33
"Femida Dialoq Platforması" çərçivəsində vəkillərlə keçirilən növbəti görüş məhkəmə-hüquq sahəsində islahatların davam etməsi ilə bağlı cəmiyyətə verilən mühüm bir mesajdır.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, məhkəmə hakimiyyəti, ədalət mühakiməsinin həyata keçirilməsində ən vacib rol oynayan və ən böyük töhfə verən vəkillik institutunun rəyinə hörmətlə yanaşır, vəkilləri narahat edən problemlərə diqqət göstərir və onların həllinə çalışır.
Sədr deyib ki, bu platforma çərçivəsində keçirilən ilk görüşdən sonra bir sıra problemlər artıq aradan qaldırılıb, hazırda isə yeni məsələlər müzakirə edilir: "Mən əminəm ki, bu məsələlər də qısa zamanda öz həllini tapacaq".
A.Bağırov deyib ki, görüşdə bütün vəkillərin iştirakı mümkün olmasa da, Vəkillər Kollegiyası onların hər birinin təkliflərini nəzərə alaraq Ali Məhkəməyə təqdim edəcək.
O, belə bir təşəbbüsü təqdir edib və Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova təşəkkürünü bildirib.
Sədr, həmçinin qeyd edib ki, Vəkillər Kollegiyası digər dövlət qurumları ilə də bu cür əməkdaşlıq və dialoq mühitini davam etdirməyə hazırdır.
Humay Eminqızı