"Vəkilliyə inamın artması hüquq mədəniyyətinin yüksəlməsinə töhfə verir"


  • 12:41

"Bu gün vəkilliyə qəbul imtanında 409 namizəd imtahanda iştirak edir ki, bu da hüquqşünas ixtisası üzrə ali təhsil alan şəxslərin 80 faizini təşkil edir. Bu, vəkilliyə olan marağın artmasını göstərir".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının İxtisas Komissiyasının sədri Turqay Hüseynov deyib.

O bildirib ki, vəkilliyə qəbul prosesi mərhələli şəkildə həyata keçirilir. İlk mərhələdə yazılı test imtahanı keçirilir, daha sonra isə şifahi imtahan və təlimlər baş tutur.

"Şifahi mərhələdə vəkilin peşə yararlılığı müəyyən edilir, yazılı imtahanda isə namizədin bilikləri yoxlanılır. Lakin, vəkillik yalnız bilikdən ibarət deyil, həm də ağır və məsuliyyətli bir peşədir. Vəkil vətəndaşlarla işləyir və bu, müxtəlif sosial təbəqələrdən olan insanlarla ünsiyyət qurmağı tələb edir. Bu səbəbdən, vəkilin bu şəxslərlə effektiv kommunikasiya qurma və onların hüquqlarını müdafiə etmə qabiliyyəti vacibdir. İkinci mərhələdə, biz namizədlərdən məntiqi nəticə çıxarmaq, vəziyyəti düzgün qiymətləndirmək və psixoloji dayanıqlı olmaq kimi qabiliyyətləri dəyərləndiririk. Bu mərhələdə, namizədin vəkilliyə yararlı olub-olmaması məsələsi həll edilir. Vəkilliyin ağır məsuliyyətini nəzərə alaraq, insanlar öz hüquqlarını müdafiə edərkən vəkillərə daha çox inam göstərməlidir", - deyə Komissiya sədri qeyd edib.

T.Hüseynovun sözlərinə görə, vəkilliyə olan etibarın artması, hüquq mədəniyyətinin yüksəlməsinə də töhfə verir: "Çünki vəkilin göstərdiyi xidmətlər, hüquqları pozulmuş şəxsin hüquqa olan etibarını artırır və hüquqlarının qorunmasında əlçatanlığı təmin edir".

Humay Eminqızı

Oxşar xəbərlər