Vəkillər Kollegiyasının nümayəndəsi CCBE-nin plenar iclasında iştirak etdi - FOTO


  • 12:21

2025-ci il 26-28 noyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclası və CCBE-nin “Mübadilə, əməkdaşlıq və dəstək platforması" (PECO) Komitəsinin tədbiri keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Sözügedən iclas və tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasını Rəyasət Heyətinin üzvü Elçin Usub təmsil edib.

Noyabrın 26-da baş tutan iclasda CCBE rəhbərliyi tərəfindən görüşün əhəmiyyəti vurğulanıb, gündəlik elan edilərək təqdimatlar və hesabatlar dinlənilib. Hüquq və vəkillik peşəsində yeniliklər, qarşıda duran hədəflər geniş müzakirə olunub. Həmçinin iclas zamanı bir sıra müraciətlər səsləndirilib, aktuallığı ilə seçilən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində CCBE-nin gələcək strateji istiqamətləri, vəkillərin icra prosesləri zamanı əmək haqlarının ödənilməsi mexanizmləri, icra xərclərinin müəyyən edilməsi və əsaslandırılması ilə bağlı hazırlanmış sənəd layihələri və digər cari məsələlər müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra təşkilati və prosedur xarakterli müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda, noyabrın 28-də Elçin Usub Paris Vəkillər Kollegiyasının dəvəti ilə “Hüquq İli”nin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Tədbirdə müxtəlif ölkələrin aparıcı hüquq təşkilatlarının nümayəndələri iştirak edərək hüquq sistemində aktual çağırışlar, beynəlxalq əməkdaşlıq imkanları və vəkillik peşəsinin inkişaf perspektivləri barədə müzakirələr aparıblar.

Bundan əlavə, görüşlər çərçivəsində Elçin Usub bir sıra beynəlxalq təşkilatların nümayəndələri və Avropanın müxtəlif ölkələrinin Vəkillər kollegiyaları ilə ikitərəfli müzakirələr aparıb. Bu görüşlərdə təcrübə mübadiləsi, peşə fəaliyyəti üzrə qarşılıqlı məlumat mübadiləsi, gələcək əməkdaşlıq imkanları və yeni tərəfdaşlıqların yaradılması perspektivləri barədə fikir mübadiləsi edilib.

Daha sonra tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil olunub.

Oxşar xəbərlər