- 9 Dekabr 16:39
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “İnsan hüquqları: həyatımızın əsas dəyərləri” mövzusunda xüsusi tədbir keçirilib.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan Hüquqları: həyatımızın əsas dəyərləri” mövzusunda xüsusi tədbir keçirilib.
Tədbirdə BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, vəkillər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə açılış nitqi ilə çıxış edən BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi günün əhəmiyyətindən və insan hüquqlarının qorunmasının vacibliyindən danışıb.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə çıxışında bildirib ki, Azərbaycanda hüquqlar yalnız bəyan edilməklə kifayətlənməmiş, onların müdafiəsi istiqamətində addımlar atılmış və çoxsəviyyəli hüquq müdafiə mexanizmləri yaradılmışdır.
Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov mərasimin açılışında çıxış edərək iştirakçıları Kollegiya və bütün vəkil korpusu adından salamlayıb, tədbirin işinə uğurlar arzulayıb.
Çıxışında Şahmar Məmmədov diqqətə çatdırıb ki, insan hüquq və azadlıqlarının qorunması mühüm əhəmiyyət kəsb edir. Bu il 30 illiyi qeyd olunan Azərbaycan Konstitusiyasında hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz hüquqların təminatı xüsusi vurğulanır. Bu hüquqların müdafiəsi və keyfiyyətli hüquqi yardımın göstərilməsi isə vəkillərin üzərinə düşən peşə borcudur.
Sədr müavini bildirib ki, 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü bu baxımdan xüsusi əhəmiyyət daşıyır və Vəkillər Kollegiyası tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Bu məqsədlə vəkilliyə namizədlərin icbari təlim proqramlarında, həmçinin vəkillərin davamlı tədris kurslarında insan hüquq və azadlıqlarına dair mövzular geniş yer tutur.
Eyni zamanda hər il ənənəvi olaraq respublika üzrə “Açıq qapı” günü təşkil edilir. Bu aksiyalar çərçivəsində yüzlərlə aztəminatlı və həssas kateqoriyadan olan şəxslərə pulsuz hüquqi yardım göstərilir.
Tədbir çərçivəsində Vəkillər Kollegiyasının üzvlərinin, Ombudsman Aparatının və BMT-nin əməkdaşlarının iştirakı ilə “Fibonacci” intellektual oyunu da təşkil edilib. Maraqlı və dinamik mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən Vəkillər Kollegiyasının komandası qalib adını qazanıb.