- 15:07
Cari il dekabrın 11-13 tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkənin paytaxtı Buxarest şəhərində rəsmi səfərdə olub.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Nümayəndə heyəti Buxarestin Tey Parkında ucaldılmış müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi böyük ehtiram və dərin hörmətlə anılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib.
Görüş zamanı Azərbaycan və Rumıniya arasında mövcud olan səmimi və dostluq münasibətləri xüsusi vurğulanıb, ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rumıniyanın Ədliyyə Nazirliyinin Dövlət katibi Roksana Simona Momeu ölkəsinin ədliyyə sistemində həyata keçirilən islahatlar, praktiki tətbiqlər barədə ətraflı məlumat verib, həmçinin Rumıniya Vəkillər Kollegiyasının fəaliyyəti və birgə əməkdaşlıq sahəsində görülən işlər haqqında danışıb.
Kollegiyanın sədri Anar Bağırov qarşı tərəfə göstərilən səmimi qəbula və dəvətə görə təşəkkür edərək Rumıniyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb. Sədr iki ölkə arasında siyasi və iqtisadi sahələrdə inkişaf edən münasibətlərin hüquqi əməkdaşlıq üçün də möhkəm zəmin yaratdığını qeyd edib. Həmçinin sədr VK-nın son illərdə gördüyü işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və ötən dövrlər vəkillərin sayının 3 dəfədən çox artdığını nəzərə çatdırıb.
Anar Bağırov Vəkillər Kollegiyasının tam müstəqil təsisat kimi fəaliyyət göstərdiyini vurğulayaraq, Ədliyyə Nazirliyi ilə səmərəli və konstruktiv əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında danışıb. Sədr Ədliyyə Akademiyasında vəkilliyə namizədlər üçün icbari təlim proqramlarının əhəmiyyətini, eləcə də vəkillər üçün davamlı tədris kurslarının peşə hazırlığının artırılmasında mühüm rol oynadığını xüsusi qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
VK sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan bu ölkədəki səfirliyini ziyarət edib.
Ziyarət zamanı nümayəndə heyəti səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanıb.
Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov nümayəndə heyətini səmimiyyətlə salamlayaraq görüşdən məmnunluğunu ifadə edib, Azərbaycan-Rumıniya münasibətlərinin son illər dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.
Anar Bağırov çıxış edərək dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirib, Rumıniyaya səfərin əsas məqsədinin iki ölkə arasında vəkillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu vurğulayıb.
Sədr Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, vəkillik fəaliyyətinin davamlı inkişafı istiqamətində həyata keçirilən islahatlardan bəhs edib, vəkillik institutunun müstəqilliyinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Anar Bağırov müstəqil Azərbaycanın Konstitusiyasının məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlandığını xatırladaraq, bu sənədin hüquqi dövlət quruculuğunda mühüm rolunu xüsusi qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Anar Bağırov səfirlik binasına Kollegiyanın rəsmi emblemini və nəfis şəkildə hazırlanmış Konstitusiya kitabını hədiyyə edib.
Nümayəndə heyəti RVK-nın İllik Konfransında iştirak edib.
RVK-nın sədri Traian Briciu açılış nitqi ilə çıxış edərək nümayəndə heyətini səmimiyyətlə salamlayıb və dəvəti qəbul edərək Buxarest şəhərinə səfər etdiyi üçün VK rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. O, iki ölkənin qurumları arasında əməkdaşlığın inkişafının mühüm əhəmiyyət daşıdığını söyləyib.
VK-nın sədri Anar Bağırov İllik Konfransda çıxış edərək göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirib. Sədr Azərbaycan və Rumıniya Vəkillər kollegiyaları arasında mövcud əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq bu cür görüşlərin iki ölkə vəkilləri arasında peşəkar münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. Eyni zamanda Anar Bağırov qurumlar arasında əməkdaşlığın gələcəkdə də daha sistemli, məqsədyönlü və geniş formatda davam etdiriləcəyinə əminliyini ifadə edib.
İllik Konfrans çərçivəsində nümayəndə heyətinə xüsusi diqqət və ehtiram əlaməti olaraq “Ədliyyənin rəqəmsal gələcəyi” mövzusunda təqdimat Azərbaycan dilində nümayiş etdirilib.
Görüşdə Kollegiyanın sədri Anar Bağırov son illərdə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və bu islahatların tərkib hissəsi olaraq VK-da görülən genişmiqyaslı işlər, mühüm yeniliklər, habelə əldə olunan nəticələr barədə məlumat verib. Sədr xüsusilə vəkillərin sayının əhəmiyyətli dərəcədə artmasını, vəkillik institutunun nüfuzunun yüksəlməsini və peşə fəaliyyətinin daha müasir standartlara uyğunlaşdırılmasını qeyd edib. Həmçinin Anar Bağırov vəkilliyə qəbul qaydalarında tətbiq olunan şəffaf və obyektiv mexanizmlər, göstərilən elektron xidmətlərin genişləndirilməsi, Kollegiyanın maliyyə müstəqilliyi istiqamətində görülən işlər və gənc hüquqşünaslara verilən dəstək haqqında söz açıb.
Bununla yanaşı, sədr vəkillərin davamlı tədris proqramlarında iştirakının əhəmiyyətini vurğulayıb, pulsuz və dövlət hesabına göstərilən hüquqi yardımlar, sosial layihələr, aztəminatlı şəxslərə dəstək tədbirləri, maddi-texniki bazanın gücləndirilməsi, eləcə də Hüquqi Yardım və Tədris Mərkəzlərinin və digər qurumlarının fəaliyyəti barədə danışıb.
Eyni zamanda sədr “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi köklü dəyişiklikləri diqqətə çatdıraraq bu Qanunun vəkillik institutunun daha da gücləndirilməsinə, peşə fəaliyyətinin səmərəli və müasir tələblərə uyğun təşkilinə xidmət etdiyini vurğulayıb, Azərbaycanın bu sahədə formalaşmış müsbət təcrübəsini görüş iştirakçıları ilə bölüşüb.
Anar Bağırov bildirib ki, Azərbaycan torpaqları Ermənistanın 30 illik işğalından azad edildikdən sonra dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədləri, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri inşa olunur və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Nəzərə çatdırılıb ki, ölkələr arasında mövcud olan regional və beynəlxalq əməkdaşlığın hər iki dövlət arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsi fonunda vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi, hüquqi xidmətlərin təşkili və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi də təmin olunacaq.
Həmçinin görüş zamanı iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətləri nəzərdən keçirilib.
Eyni zamanda görüş çərçivəsində iştirakçılar arasında qarşılıqlı hədiyyələr təqdim olunub və sonda rəsmi ziyafət təşkil edilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyində və geniş tərkibdə görüşlərdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
Bununla da VK-nın nümayəndə heyətinin Rumıniyaya rəsmi səfəri başa çatıb.