- 14:32
"Rumıniyaya səfərimiz çox məhsuldar və faydalı keçdi".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Onun sözlərinə görə, Rumıniyaya səfər çərçivəsində bir sıra tədbirlərdə iştirak edib və gələcək əməkdaşlığın təməli qoyulub.
Anar Bağırov səfərin təşkili ilə bağlı göstərilən dəstəyə görə Rumıniyada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanova dərin minnətdarlığını ifadə edib.
"Daha əvvəl şəxsən tanımadığım, lakin fəaliyyəti ilə qiyabi olaraq məlumatlı olduğum hörmətli səfirimizin qısa zaman ərzində Rumıniyada hansı yüksək nüfuza sahib olduğunu, dövlətimizi ən layiqli şəkildə təmsil etdiyini əyani şəkildə gördük. Cənab səfir iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün şənbə və bazar günləri də daxil olmaqla fədakar fəaliyyətindədir. Qüdsi müəllim bütün sahələrdə iki ölkə və xalqlar arasında möhkəm körpülərin qurulması üçün böyük səylər göstərir. Səmimi şəkildə qeyd etməliyəm ki, Vəkillər Kollegiyasına rəhbərlik etdiyim dövrdə iki ölkənin vəkillik institutlarının yaxınlaşması üçün bu qədər səy göstərən diplomatla yaxından tanış olmaq mənim üçün böyük məmnunluqdur. Digər ölkələrdə fəaliyyət göstərən və dövlətimizi xaricdə təmsil edən diplomatlarımızın da bu cür müsbət təcrübədən yararlanmasını çox arzulayıram", - deyə o qeyd edib.
Şəbnəm Mehdizadə