- 23 Dekabr 15:40
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi və maarifləndirmə işi cari il ərzində tam həyata keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində növbəti dəfə 8, 12 və 13 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən ümumilikdə 180 nəfərə yaxın məhkumun müraciəti vəkillər tərəfindən dinlənilib, onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.
Birgə Tədbirlər Planına uyğun olaraq 26 penitensiar müəssisədə vəkillər tərəfindən keçirilmiş qəbullarda ümumilikdə 800 nəfərə yaxın məhkum və həbs edilmiş şəxs 2025-ci il ərzində yaradılmış bu imkandan istifadə edib.
Qeyd edək ki, tədbirlərdə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun (8 saylı cəzaçəkmə müəssisəsində) və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun (12 və 13 saylı cəzaçəkmə müəssisələrində) vəkilləri iştirak edib.