- 6 İyun 15:27
"Peşə bayramımız ərəfəsində əlamətdar tədbirdə bir araya gəlmək vəkillik institutunun cəmiyyətimizdə tutduğu mövqenin, ona göstərilən diqqət və etimadın yüksək göstəricisidir".
E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, vəkillik hər zaman yüksək məsuliyyət, prinsipiallıq və fədakarlıq tələb edən bir peşə olub: "Cəmiyyətin ədalətə olan inamının formalaşmasında vətəndaşla dövlət arasında hüquqi körpü rolunu məhz vəkillər oynayır. Bu baxımdan, bu gün and içən hər bir həmkarımız yalnız peşə fəaliyyətinə başlamır, eyni zamanda böyük bir etimadı və ağır məsuliyyəti öz üzərinə götürür".
A.Bağırov qeyd edib ki, cari il Azərbaycan üçün xüsusi rəmzi və tarixi məna daşıyır: "2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Eyni zamanda xalqımızın tarixində yeni bir mərhələnin başlanğıcı olan Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin 5-ci ildönümünü qeyd edirik. Bu Zəfər yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də dövlət suverenliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, Konstitusiyamızın bütün ərazilərimizdə tam və maneəsiz tətbiqinin təmin olunması deməkdir. Məhz bu kontekstdə hüququn aliliyinin, ədalətin və insan hüquqlarının təminində vəkillik institutunun rolu daha aydın şəkildə ön plana çıxır. Vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının təmin edilməsi, müdafiə hüququnun effektiv icrası və məhkəmə icraatında tərəflərin bərabərliyinin qorunması tam müstəqil vəkillik fəaliyyətinin konstitusion əsasını və cəmiyyətdəki əhəmiyyətini bir daha təsdiqləyir".
Humay Eminqızı