"Bu dəyişikliklər vəkilliyin institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir"


  • 27 Dekabr 2025 12:05

"Bu il ölkə başçısı cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilən Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, Cəzaların İcrası Məcəlləsinə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklər ölkəmizdə hüquq sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir. Bu dəyişikliklər müdafiə hüququnun səmərəli təmin olunmasına və vəkilliyin institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O, eyni zamanda qeyd edib ki, Vəkillər Kollegiyası yalnız müdafiə funksiyasını həyata keçirən institut kimi deyil, bütövlükdə ədalət mühakiməsi sisteminin formalaşmasında fəal iştirak edən mühüm tərəf kimi çıxış edir: "Qanunvericiliyə əsasən, Kollegiya Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində öz nümayəndəsi ilə təmsil olunur ki, bu da vəkillik institutunun məhkəmə hakimiyyətinin effektivliyinə və obyektivliyinə verdiyi töhfənin bariz göstəricisidir. Bununla yanaşı, Vəkillər Kollegiyası Baş Prokurorluğun Elmi-Məsləhət Şurasında, Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarında, habelə Məhkəmə Ekspertizası Şurasında nümayəndə ilə təmsil olunur".

A.Bağırov Kollegiyanın dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində fəal iştirakını da xüsusi vurğulayıb: "Belə ki, təkcə 2025-ci il ərzində Kollegiya tərəfindən 50-dən çox normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim edilib ki, bu da onun normayaratma proseslərində mühüm tərəfdaş kimi rolunu bir daha təsdiqləyir".

Sədrin sözlərinə görə, eyni zamanda Konstitusiya Məhkəməsi ilə əldə edilmiş razılıq əsasında Vəkillər Kollegiyası il ərzində 26 iş üzrə mütəxəssis mülahizəsi təqdim edib: "Bu mülahizələr hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının hüquqi əsaslarının möhkəmləndirilməsi və hüquqi mövqelərin formalaşması baxımından əhəmiyyətli töhfə hesab olunur".

Humay Eminqızı

Oxşar xəbərlər