İnam Kərimov vəkilləri təbrik etdi


  • 11:58

"Vəkillər hüququn aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının müdafiəsində və ədalətin reallaşmasında mühüm və əvəzsiz rol oynayır. Hüquq sistemində ədalət yalnız yüksək, o cümlədən humanist tələblərə cavab verən normativ aktların mövcudluğu ilə deyil, həmin normaların peşəkarlıqla həyata keçirilməsi zamanı bərqərar olur. Bu sahədə vəkillərin rolu isə xüsusilə əhəmiyyətlidir".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şuranın sədri İnam Kərimov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib.

O bildirib ki, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasında vəkillərin təmsil olunması məhkəmə-vəkil əməkdaşlığının institusional əsaslara malik olduğunu bir daha nümayiş etdirir. Vəkillər tərəfindən qaldırılan məsələlər daim diqqətdə saxlanılır və onların həlli istiqamətində müvafiq tədbirlər görülür.

"Bu mənada Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyasının üzvləri ilə mütəmadi görüşlərimiz xüsusi qeyd edilməlidir. Bildiyiniz kimi, bu Platforma məhkəmə və hüquq sisteminin bütün maraqlı tərəfləri - məhkəmə hakimiyyəti, vəkillər, hüquqşünaslar və vətəndaş cəmiyyəti ilə davamlı müzakirələr təşkil etməyə xidmət edir", - deyə sədr qeyd edib.

O deyib ki, hazırda fəaliyyət göstərən hakimlərin bəziləri əvvəllər Vəkillər Kollegiyasının üzvü olublar. Eyni zamanda təqaüd yaşına çatan bir sıra təcrübəli hakimlərin də vəkillik fəaliyyətinə üz tutması məhkəmə və vəkillik institutları arasında peşəkar qarşılıqlı keçidin mövcudluğunu nümayiş etdirir.

"Əlbəttə ki, bütün bu hallar məhkəmə hakimiyyəti ilə vəkillik institutu arasında formalaşmış əməkdaşlığın hüquqi dövlətin möhkəmləndirilməsində və ədalətli məhkəmə təminatının reallaşdırılmasında mühüm rol oynadığının bariz nümunəsidir", - İ.Kərimov əlavə edib.

Sonra o, vəkilləri peşə payramı münasibətilə təbrik edib: "Əminik ki, vəkillik institutu bundan sonra da hüququn aliliyinə, insan hüquqlarının müdafiəsinə, qanunçuluğa və bərabər hüquqi yardıma çıxış prinsiplərinə sadiq qalaraq fəaliyyətini layiqincə davam etdirəcək. Sizi bir daha peşə bayramınız münasibətilə, həmçinin qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edir, peşəkar fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".

Humay Eminqızı

Oxşar xəbərlər