- 14:17
"Azərbaycanın vəkilliyi uzun və şərəfli inkişaf yolu keçib".
E-huquq.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib.
O bildirib ki, dövlətçiliyimizin bərpasından sonra hüquqi dövlət quruculuğu prosesi vəkillik institutunun formalaşması və möhkəmlənməsini zəruri edib: "Vəkilliyin müstəqil təsisat kimi yaradılması Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə 1999-cu il 28 dekabr tarixində "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunla Azərbaycan vəkilliyinin əsası qoyulub. Ölkəmizdə vəkillik tarixində vəkillik heç bir qurumdan asılı olmadan institut kimi formalaşıb. Hazırda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları ilə yanaşı, vəkillik institutunun gücləndirilməsi də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir".
H.Bağırov son illərdə vəkillik sahəsində görülən işlərdən danışıb: "Son illər vəkillik sahəsində həyata keçirilən normayaradıcı, institusional, təşkilati fəaliyyət nəticəsində vəkillərin sayı bir neçə dəfə artıb. Onların peşə hazırlığı gücləndirilib, regionalarda hüquqi yardıma əlçatanlıq gücləndirilib. Gənc hüquqşünasların vəkilliyə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülüb və digər nailiyyətlər əldə olunub. Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyət daşıdığını nəzərə alaraq Azərbaycan Prezidenti vəkilliyin inkişafına dəstək vermək üçün imzaladığı sərəncamlarında Vəkillər Kollegiyasının maddi texniki təchizatının yaxşılaşdırılması, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin artırılması, vəkillərin peşəkarlığının gücləndirilməsi, fəaliyyətlərinin müasir kommunikasiya texnologiyalarının tətbiqi və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsinin inkişaf etdirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verib. "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Prezident İlham Əliyevin 2019-cu il 3 aprel Fərmanına əsasən, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin dövlət büdcəsindən birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən edilib. Vəkillik sahəsində aparılan islahatların davamı olaraq bu ilin oktyabrın 31-də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən dəyişikliklər yüksək ixtisaslı kadrların vəkilliyə gəlməsinə vəkil peşəsinə əlçatanlığın təmin edilməsinə, vətəndaşların daha keyfiyyətli hüquqi yardım almasına səmərəli şərait yaradılıb. Aparılan islahatlar vəkilliyin nüfuzunun yüksəltməklə yanaşı, hüquq və azadlıqların təmin olunmasına xidmət edir.
PA rəsmisi deyib ki, Azərbaycan vəkilliyi müasir çağırışlara cavab verə bilir: "Müasir dövrdə hüquq sisteminin qarşısında duran çağırışlar daha mürəkkəb və çoxşaxəlidir. Qloballaşma, rəqəmsallaşma, beynəxalq hüquq münasibətlərinin intensivləşməsi, yeni standartların formalaşması vəkilliyin rolunu daha da artırır. Eyni zamanda vəkil daim dəyişən hüquqi mühitə çevik uyğunlaşmağı bacarmalıdır. Dünyada baş verən proseslərdən geri qalmayan Azərbaycan sürətlə inkişaf edir. Yeni sosial, iqtisadi və hüquqi mübasibətlər formalaşır. Bu proseslər hüquqi maarifləndirmənin aparılmasında, vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsində real iştirak edir. Vəkil yalnız məhkəmə mübahisəsi zamanı yada düşən şəxs deyil. Hüquq normalarının gündəlik həyatda səmərəli tətbiqinin təminatçısıdır. Bununla yanaşı hüququn aliliyinə xidmət edən hər bir vəkil dövlətçilik maraqlarına, insan ləyaqətinin qorunmasına və cəmiyyətin stabilliyinə töhfə verir. Bu, böyük qürurla yanaşı, böyük məsuliyyət deməkdir".
"Başa çatan bu il ölkəmiz üçün xüsusi məna daşıyan "Konstitusiya və Suverenlik İli" kimi yadda qaldı. Biz bu əlamətdar dövrü müzəffər Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi alıtnda qələbə qazanmış və ərazi bütövlüyümüzü suverenliyi bərpa etmiş xalq kimi başa vurduq. Xüsusilə qeyd etmək istəyirəm ki, insan hüquq və azadlıqlarının müdafiəsində və realizəsində mühüm rol oynayan vəkillərin müstəqilliyi hüquqi dövlətin təməl sütunlarından biridir. Bu baxımdan Azərbaycan dövləti vəkillərin fəaliyətinə hörmətlə yanaşılmasını, onların qanunla müəyyən edilmiş təminatlarını qorunması və möhkəmləndirilməsini daimiləşdirir. Əziz vəkillər, sonda sizləri bu gün münasibətilə təbrik edir və hər biriniziə uğurlar arzulayıram", - deyə H.Bağırov qeyd edib.
Humay Eminqızı