Vəkillərə təlim keçirildi - FOTO


  • 12:16

10 yanvar 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Əqdlərin etibarsızlığı və ləğvi: nəzəriyyə və praktika” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki, bu sahənin elmi və praktik baxımdan hərtərəfli öyrənilməsi mülki hüququn effektivliyinin artırılmasına və hüquq sisteminin təkmilləşdirilməsinə mühüm töhfə verir.

Təlimçi - Vəkillər Kollegiyasının, Vəkillərin İxtisas Komissiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili, Xəzər Universitetinin müəllimi Akif Əlizadənin çapdan çıxmış “Ailə hüquqlarının müdafiəsi” adlı dərs vəsaiti barədə bildirilib ki, bu vəsait, ailənin milli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulan sosial, hüquqi və iqtisadi müdafiə hüquqlarını sistemli şəkildə izah edərək, həmin hüquqlardan səmərəli istifadə və müdafiə mexanizmlərinin düzgün anlaşılmasını formalaşdıran, hüquqi şüurun artmasına və ailə institutunun möhkəmlənməsinə xidmət edən əhəmiyyətli mənbədir.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində Akif Əlizadə əqdlərin etibarsızlığı anlayışının nəzəri əsasları, etibarsız əqdlərin hüquqi nəticələri, əqdlərin ləğvi zamanı tərəflərin hüquq və vəzifələri, məhkəmə təcrübəsində müqavilə mübahisələrinin həlli mexanizmləri və digər əlaqəli məsələlər üzrə geniş çıxış edib.

Təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini vəkillərlə bölüşüb.

Təlimin sonunda çoxsaylı suallar birgə müzakirə olunub.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 45 üzvü iştirak edib.

Oxşar xəbərlər