- 16:31
"Vəkilliyə qəbul üzrə ixtisas imtahanları tam şəffaf keçirilir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, yazılı imtahan elektron qaydada Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir, şifahi müsahibə isə artıq üçüncü ildir ki, hüquq peşələri arasında ilk olaraq Vəkillər Kollegiyası tərəfindən video çəkilişlə aparılır.
A.Bağırov qeyd edib ki, hər bir namizəd öz imtahan nəticələri ilə tanış olmaq imkanına malikdir. Sədr vurğulayıb ki, bu amillər imtahan prosesində şəffaflığın ən yüksək səviyyədə təmin edildiyini göstərir.
Vəkillər Kollegiyasının sədri imtahanlarda uğur qazanan namizədləri təbrik edib, uğur qazana bilməyənlərə isə ruhdan düşməməyi və ixtisas imtahanlarında yenidən iştirak etməyi tövsiyə edib.
Eyni zamanda, A.Bağırov ixtisas imtahanlarının yüksək peşəkar səviyyədə təşkili üçün Vəkillər Kollegiyası İxtisas Komissiyasının sədri Turqay Hüseynov başda olmaqla komissiyanın bütün üzvlərinə təşəkkürünü bildirib.
Şəbnəm Mehdizadə