- 10:56
"Son 3 ildə Vəkillər Kollegiyası tərəfindən qurumun müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, bu baxımdan 2025-ci ildə Gəncə Regional Vəkil Bürosunun – ölkədə artıq 4-cü Regional Vəkil Bürosunun – yeni inzibati binasının açılışı xüsusi qeyd olunmalıdır.
Sədr qeyd edib ki, bina cənab Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində Kollegiyanın balansına verilib, tam Kollegiyanın maddi vəsaiti hesabına müasir standartlara uyğun yenilənib və zəruri texniki avadanlıqlarla təmin edilib.
A.Bağırov deyib ki, yeni inzibati bina Qərb bölgəsində vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışını genişləndirir, eyni zamanda gənc hüquqşünaslar üçün peşəkar inkişaf imkanları yaradır və artıq regionun hüquqi xidmət mərkəzinə çevrilməkdədir.
O bildirib ki, bununla yanaşı, cənab Prezident tərəfindən Kollegiyaya ayrılan Vəkillər Kollegiyasının yeni inzibati binasında – "Vəkil evi"ndə Kollegiyanın vəsaiti ilə tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir.
Sədr vurğulayıb ki, ən müasir tələblərə uyğun inşa olunan bu bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq.
Şəbnəm Mehdizadə