- 10:56
"Müasir dövrün tələblərinə uyğun olaraq Kollegiya tərəfindən rəqəmsallaşma istiqamətində mühüm addımlar atılıb".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, artıq bir neçə ildir tətbiq olunan hüquqi yardım haqqında müqavilənin elektron bağlanması (elektron müqavilə) və elektron vəkil orderi hüquq xidmətlərində yeni bir səhifə açır.
Sədr qeyd edib ki, bu sistem vasitəsilə şəxslər dünyanın istənilən nöqtəsindən vəkil bürolarına getmədən onlayn qaydada vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər.
A.Bağırov vurğulayıb ki, statistik göstəricilər bu layihələrin effektivliyini açıq şəkildə sübut edir.
Onun bildirdiyinə görə, 2026-cı ilin 30 yanvar tarixinədək 74 932 elektron order və 100 543 elektron müqavilə rəsmiləşdirilib.
A.Bağırov deyib ki, rəqəmsallaşma istiqamətində işlər bununla yekunlaşmır və növbəti mərhələ elektron vəkil sorğusu layihəsidir: "Layihə ilə bağlı Femida dialoq platforması çərçivəsində Ali Məhkəmədə keçirilən görüş zamanı müzakirələr aparılıb. Hazırda normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklərdən sonra elektron vəkil sorğusu sistemi istifadəyə veriləcək".
Şəbnəm Mehdizadə